(Zəfər qələbəmizin təntənəsi şeirlərdə)
Qarabağdakı şanlı qələbəmizdən sonra hər il Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı birlikdə bədii qiraət müsabiqəsi keçirir. Bu müsabiqə çox böyük təqdirəlayiq işdir. Belə ki, həm sənət adamlarını və həm də tamaşaçıları uğurlu qələbəmizin tarixi anlarını yaşamağa, bu böyük qələbəmizin necə müqəddəs olduğunu bir daha hamıya göstərməyə, əbədilik yaddaşımızda yaşatmağa stimul verir.
Bu il də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 03, 04 noyabr 2025-ci il tarixlərdə 44 günlük Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsi çox böyük təntənə ilə keçirildi.
Belə ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində keçirilən müsabiqəni Xadimlər İttifaqının sədri, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılov açdı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla və milli himnimizlə yad olundu. O, iştirakçılara və tamaşaçılara keçmiş müsabiqələr haqqında qısa məlumat verdi. Həm də bu qələbəmizin dünyada necə böyük coşqu ilə qarşılandığını vurğuladı. 44 günlük Vətən müharibəsində ölkə rəhbərliyi, ordu və xalqın birliyi haqqında böyük həvəslə danışdı. Sonra sözü iştirakçılara verdi.
Beləliklə, tədbirin birinci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili -Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Füzuli Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili- Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən iştirakçılar öz çıxışlarını təqdim etdilər.
Münsiflər heyətinin üzvləri - Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, aktyor-pedaqoq Məhəmməd Verdizadə və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyib və sonda yekun qərarı verdilər.
Münsiflər heyətinin qərarına görə “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsinin aşağıda adları qeyd olunan iştirakçıları diplom və pul mükafatı ilə təltif olundular:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Kənan Hüseynov;
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Mirzəağa Axundzadə;
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Fidan Ağaverdiyeva;
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova;
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Canəliyeva;
Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova;
Şuşa Dövlət Musiqili- Dram Teatrının aktrisası Rəhimə Məmmədova;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Tamilla Həsənova;
Naxçıvan Dövlət Milli- Dram Teatrının aktyoru Nəsimi Məmmədzadə;
Naxçıvan Dövlət Kukla Teatrının aktrisası Əfqanə Ələsgərova;
Füzuli Dövlət Dram Teatrının aktrisası İntizar Quliyeva;
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev;
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Əjdər Zeynalov;
Salyan Dövlət Kukla Teatrının aktrisası Mirxədicə Mirzəyeva;
Salyan Dövlət Kukla Teatrının aktyoru Nurlan Məlikov;
Ağdam Dövlət Dram Teatrının aktyoru Ramil Hüseynzadə;
Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva;
Qusar Dövlət Ləzgi Dram Teatrının aktrisası Ramella Rzayeva;
Qax Dövlət Gürcü Dram Teatrının rejissoru Leri Sioşvili;
Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayev;
Mirzə Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu;
Mirzə Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Sələmə Məhərrəmova,
Azərbaycab Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidməti, “Azərbaycan Ordusu” qəzetinin müxbiri Şəlalə Camal qalib elan olundular.
04 noyabr 2025-ci il tarixində müsabiqə iştirakçıları mükafatlandırıldılar.
Azərbaycan Teatr Xadimləri İttifaqın sədri Hacı İsmayılov iştirakçıları bir daha salamladı, təbrik etdi və müsabiqədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. Çıxış edənlər - Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal və Məhəmməd Verdizadə 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən bir daha ətraflı danışdılar. Diplomların təqdimatından sonra xatirə şəkilləri çəkildi.
Bəli. Bu böyük tarixi qələbə həmişə xalqımızın yaddaşında olmalı və bununla bağlı bədii əsərlər, pyeslər, ssenarilər yazılmalı, tamaşalar hazırlanmalı, kinofilmlər çəkilməli, musiqilər bəstələnməli, rəsm əsərləri çəkilməli, konsert proqramralı keçirilməlidir. Axı biz otuz ildən çox müddətdə bu qələbəni səbirsizliklə gözləmişik. Bu, Azərbaycan xalqının 230 ildən sonra olan ən böyük tarizi qələbəsidir. Əlbəttə, bu qələbənin əldə olunmasında qəhrəman ordumuzla birlikdə, Ali Baş Komandanımız cənab İlham Əliyevin də çox böyük xidməti var. Gərək xalqımız bunu heç vaxt unutmasın. Gərək bundan sonra Qarabağ xalqımızın ziyarət edəcəyi ən müqəddəs yer olmalıdır. Məkkə kimi, Mədinə kimi, Kərbəla kimi. Əgər belə olsa, onda biz Vətənimizi daha çox sevib, onu göz bəbəyimiz kimi qoruyacağıq. Ulu Şah İsmayıl Xətai deyib ki, “Vətən iman əsəridir. Vətəni sevməyən anasını da sevməz”. Gəlin hər birimiz Vətənimizi öz canımız qədər sevək. Vətənimizin dünyada tanınması üçün hər birimiz əlimizdən gələni edək. Böyük Abbas Səhət deyən kimi: “Vətəni sevməyən insan olmaz, Olsa da o şəxsdə vicdan olmaz”...

Dünyaxanım AĞALARQIZI