AZ

İran Parlamentində “Amerikaya ölüm” şüarları: Qayıdan sərt ritorika və onun beynəlxalq münasibətlərə təsiri

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran parlamentində bu gün keçirilən iclasda millət vəkillərinin “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlarla aksiya keçirməsi, Tehran siyasətində yenidən sərt xəttin gücləndiyini göstərir. Bu hadisə, Məsud Pezeşkianın prezident seçilməsindən sonra müşahidə olunan nisbətən yumşalma dövrünün başa çatdığına və İran daxilində radikal qüvvələrin siyasi təsirinin artdığına dair ciddi siqnal hesab olunur.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Pezeşkian 2024-cü ildə prezident seçildikdən sonra, İranın xarici siyasətində nisbətən praqmatik yanaşma sərgiləməyə çalışmış, xüsusilə də Qərblə münasibətlərdə gərginliyin azaldılması istiqamətində bəzi jestlər etmişdi: “Onun dövründə ictimai yerlərdə “Amerikaya ölüm” şüarlarının silinməsi, diplomatik ritorikanın nisbətən yumşalması, regionda iqtisadi və enerji əməkdaşlığına üstünlük verilməsi Tehran üçün yeni bir imic yaratmaq məqsədi daşıyırdı. Lakin parlamentdəki son aksiya göstərdi ki, ölkənin ali siyasi institutlarında, xüsusilə də ideoloji qanadlarda, bu kursa qarşı ciddi müqavimət mövcuddur”.

Nicat İsmayılov

“İran parlamentində bu cür sərt şüarların səslənməsi təkcə xarici siyasət mesajı deyil, həm də daxili siyasətdəki balansların dəyişdiyini nümayiş etdirir. Bu davranışın arxasında bir neçə mühüm amil dayanır:

1. İnqilab keşikçiləri və sərt xətt tərəfdarlarının təzyiqi: Son aylarda “müqavimət oxu” qüvvələrinin, yəni İranın Yaxın Şərqdəki hərbi-siyasi təsir dairəsinin (Hizbullah, Husilər, Həşdi-Şəbi və s.) daha fəal olması, daxildə radikal ritorikanın yenidən legitimləşməsinə səbəb olub.

2. İsrail-Fələstin münaqişəsinin gərginləşməsi: Qəzzə və regiondakı vəziyyət İran üçün ideoloji alət rolunu oynayır. Parlamentdə səslənən “İsrailə ölüm” şüarları bu kontekstdə həm də İranın regional mübarizədə liderlik iddiasını gücləndirməyə yönəlib.

3. Daxili sosial gərginliklərə diqqətin yayındırılması: İranda iqtisadi çətinliklər, inflyasiya və sosial narazılıqlar fonunda radikal şüarlar daxili auditoriyaya yönəlik “birlik və müqavimət” mesajı daşıyır.

Bu hadisə ABŞ və İran arasında son aylarda baş verən nisbi dialoqun yenidən iflasa uğraması ehtimalını artırır. ABŞ administrasiyası artıq Tehranın “mülayimləşmə” xəttinə ehtiyatla yanaşırdı. Parlamentdə səslənən bu şüarlar Vaşinqtonda İranın siyasi sabitliyinə və dialoqa sadiqliyinə dair şübhələri daha da dərinləşdirəcək.

ABŞ-İran münasibətləri:

Bu ritorika Vaşinqtonun sanksiyaların yumşaldılması və ya nüvə danışıqlarına yenidən qayıtmaq ehtimallarını zəiflədir. İranın sərt mövqeyi ABŞ Konqresində anti-İran ritorikasını yenidən gücləndirə bilər.

İsrail və region ölkələri:

İsrail bu hadisəni İranın “müqavimət ideologiyasına” qayıdışı kimi təqdim edəcək və beynəlxalq arenada Tehranın təcridi üçün diplomatik səylərini artıracaq. Eyni zamanda, Körfəz ölkələri də İranla münasibətlərdə yenidən ehtiyatlı davranmağa başlayacaqlar.

Avropa İttifaqı və diplomatik kanallar:

Avropa ölkələri, xüsusilə Fransa və Almaniya, Pezeşkian hökumətinin “islahatçı” imicinə ümid edirdilər. Lakin parlamentdəki bu hadisə Avropa ilə Tehran arasında yeni diplomatik gərginliklər yarada bilər. İran parlamentində baş verən hadisə bir daha göstərir ki, Tehranın xarici siyasətində hələ də iki istiqamət, praqmatizm və ideologiya arasında ciddi qarşıdurma mövcuddur. Prezident Pezeşkianın yumşalma siyasəti parlamentin sərt reaksiyası ilə balanssız vəziyyətə düşüb”-deyə politoloq qeyd edib.

Nicat İsmayılovun fikrincə, bu gərginlik yalnız ABŞ və İsraillə münasibətlərə deyil, həm də İranın regional mövqeyinə, enerji bazarındakı roluna və beynəlxalq diplomatik imicinə birbaşa təsir göstərəcək: “Əgər Tehran rəhbərliyi bu hadisəni siyasi mesaj kimi idarə edə bilməsə, ölkə yenidən Qərb dünyası ilə qarşıdurma dövrünə daxil ola bilər. Belə bir şəraitdə İranın diplomatik manevr imkanları azalacaq, iqtisadi sanksiyalar isə daha sərt şəkildə tətbiq oluna bilər. Beləliklə, parlamentdə səslənən şüarlar yalnız bir aksiyanın ifadəsi deyil, həm də İranın gələcək siyasi kursuna dair dərin ideoloji mübarizənin göstəricisidir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr