AZ

Azərbaycan Mərkəzi Asiya ölkələrinin C5+ABŞ formatına rəsmən dəvət aldı...


ABŞ və Mərkəzi Asiya ölkələri arasında mövcud olan “C5+1” formatına Azərbaycanın da daxil edilməsi məqsədəuyğun olardı. Bu barədə Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri, səfir Riçard Hoqland Vaşinqtonda keçirilən “Tərəfdaşlığın onilliyi: “C5+1” formatını gələcəkdə nə gözləyir?” adlı tədbir zamanı bildirib. O, Azərbaycanın görüşlərdəki fəallığına diqqət çəkib:

“Bir təklif irəli sürmək istərdim və ümid edirəm ki, C5 ölkələri bunu nəzərə alacaqlar. Söhbət C5 formatını beynəlxalq təşkilat kimi institusionallaşdırmaqdan gedir. Yaxud bəlkə də daha doğru desək, C6, çünki Azərbaycan artıq C5 ölkələrinin bütün görüşlərində daha fəal iştirak edir”. Diplomat bu təşəbbüsü Cənub-Şərqi Asiyada yaradılmış ASEAN təşkilatı və Baltik Şurası ilə müqayisə edib: “Beynəlxalq təşkilat mövcud olduqca, onun dünya arenasındakı təsir imkanları daha böyük olur”. Hoqland həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri mürəkkəb geosiyasi vəziyyətdə yerləşir: “Onlar qonşuları – Rusiya, Çin, İran və Əfqanıstanla, eləcə də daha uzaq tərəfdaşlar – Avropa İttifaqı və ABŞ ilə münasibətləri səmərəli şəkildə qurmalıdırlar. C5 ölkələri bu işin öhdəsindən özünəməxsus şəkildə, uğurla gəlirlər”. Qeyd edək ki, son illərdə beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq platforması kimi tanınan C5 formatı (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) regional inteqrasiyanın və təhlükəsizlik dialoqunun mühüm mexanizmlərindən birinə çevrilib. Bu platforma əsasən iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji, nəqliyyat, ekoloji və təhlükəsizlik məsələlərində ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Son illərdə ABŞ, Avropa İttifaqı və Çin kimi qlobal güclər də C5 ölkələri ilə əməkdaşlıq formatları quraraq regiona artan maraqlarını nümayiş etdirirlər. Bu kontekstdə Azərbaycanın C5 formatına qoşulması məsələsi həm praktik, həm də strateji baxımdan aktuallaşmaqdadır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiya ilə eyni tarixi və mədəni məkanın tərkib hissəsidir. Xəzər dənizi vasitəsilə regionla birbaşa əlaqəsi olan ölkə kimi Azərbaycan uzun illərdir C5 ölkələri ilə nəqliyyat, enerji və ticarət sahələrində sıx əməkdaşlıq edir. Bu mənada Azərbaycanın C5 formatına qoşulması təbii geosiyasi və iqtisadi uzantı kimi qiymətləndirilə bilər. Xüsusilə Orta Dəhliz çərçivəsində Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapı rolunu oynayır. Bu da onu regionla eyni strateji maraqlara malik bir tərəfdaş kimi ön plana çıxarır.

C5 formatının mahiyyəti formal ittifaqdan çox, çevik dialoq və koordinasiya platformasıdır. Burada üzv ölkələr müstəqillik, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq edir. Azərbaycan bu prinsiplərə tam uyğun xarici siyasət yürüdür və balanslı diplomatiyası sayəsində həm Qərb, həm də Şərq tərəfdaşları ilə əlaqələrini qoruyub saxlaya bilir. Bu baxımdan, Azərbaycanın C5+ platformalarına, məsələn, “C5+ABŞ”, “C5+Avropa İttifaqı” və ya “C5+Türkiyə” formatlarına inteqrasiyası həm region, həm də qlobal əməkdaşlıq sistemləri üçün faydalı ola bilər. Azərbaycanın bu formata qoşulmasının ən mühüm motivlərindən biri iqtisadi və logistik inteqrasiyadır. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti artıq Mərkəzi Asiya ölkələrinə Avropa bazarlarına çıxış imkanı yaradır. zərbaycan bu marşrutun əsas logistik qovşağına çevrilib. C5 formatına üzvlük və ya əməkdaşlıq statusu bu ölkələr arasında ticarət dövriyyəsini artırmaq, gömrük və nəqliyyat prosedurlarını sadələşdirmək, birgə infrastruktur layihələrinin reallaşmasını asanlaşdırmaq baxımından mühüm üstünlüklər verə bilər. Enerji sektoru da bu əməkdaşlığın strateji sütunlarından biridir. Azərbaycan artıq Xəzərin qərb sahilində yerləşən enerji mərkəzi kimi TANAP və TAP kimi beynəlxalq layihələrlə Avropaya qaz ixracını təmin edir. Mərkəzi Asiya ölkələri, xüsusilə Türkmənistan və Qazaxıstan böyük enerji potensialına malikdir, lakin ixrac marşrutları məhduddur. Azərbaycan vasitəsilə bu resursların Qərb bazarlarına çıxarılması regional enerji inteqrasiyasını gücləndirə bilər. Bu, həm C5 ölkələri üçün yeni iqtisadi imkanlar, həm də Azərbaycan üçün tranzit gəlirləri və geoiqtisadi nüfuz artımı deməkdir. Bundan başqa, təhlükəsizlik və sabitlik məsələləri də C5 formatında mühüm yer tutur. Əfqanıstan böhranı, su ehtiyatlarının bölüşdürülməsi və ekstremizmlə mübarizə kimi problemlər region ölkələrini birləşdirir. Azərbaycan bu sahədə də dəyərli təcrübəyə malikdir. Qarabağ müharibəsindən sonra ölkənin qazandığı hərbi-strateji üstünlüklər, antiterror əməliyyatları və sərhəd təhlükəsizliyi sahəsində təcrübəsi C5 formatında faydalı model kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın balanslı xarici siyasəti regionda sabitləşdirici faktor rolunu oynayır. Xatırladaq ki, Azərbaycan artıq bir çox regional formatlarda, məsələn, Türk Dövlətləri Təşkilatı, TRACECA və Orta Dəhliz təşəbbüslərində C5 ölkələri ilə eyni platformada fəaliyyət göstərir. Bu baxımdan, Azərbaycanın C5 formatına tam üzvlük olmasa belə, “C5+Azərbaycan” əməkdaşlıq mexanizminin formalaşması real və məqsədəuyğun variant hesab olunur. Bu format iqtisadi, enerji və nəqliyyat layihələrinin əlaqələndirilməsi üçün optimal siyasi çərçivə ola bilər. “C5+Azərbaycan” əməkdaşlıq modeli reallaşarsa, bu, yalnız Xəzər regionunun deyil, bütün Avrasiya məkanının sabitlik və tərəqqisinə töhfə verəcək.

Nahid SALAYEV

Seçilən
30
baki-xeber.com

1Mənbələr