"8 Noyabr — Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir. Bu tarix təkcə bir qələbə deyil, həm də milli həmrəyliyimizin, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin rəmzidir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycan tarixində dönüş nöqtəsi oldu — illərlə işğal altında qalan torpaqlar azad edildi, ədalət bərpa olundu, xalqımızın qüruru özünə qaytarıldı".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, Zəfər Günü xalqımızın bir yumruq kimi birləşdiyi, ordumuzun qüdrətinin və rəhbərliyin müdrikliyinin təntənəsidir:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və dəmir iradəsi bu Qələbənin əsas dayağı oldu. Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il davam edən ədalətsizliyə son qoydu və tarixi ədaləti bərpa etdi.
Bu gün artıq həmin zəfərin bəhrələrini görürük. Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş torpaqlarda "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır. Füzuli, Zəngilan və Laçın hava limanları, yeni avtomobil və dəmir yolları regionun inkişafına güclü təkan verir.
Şuşa, Azərbaycanın mədəniyyət paytaxtı kimi, öz tarixi simasını bərpa edir. Qədim abidələr, məscidlər, mədəniyyət ocaqları bərpa olunur, "Xarıbülbül" festivalı və "Vaqif Poeziya Günləri" kimi tədbirlər yenidən dirçəlir. Ağalı kəndi "ağıllı kənd" modeli ilə azad edilmiş torpaqlarda müasir yaşayışın başlanğıcını qoyub. Yeni məktəblər, xəstəxanalar, sənaye zonaları, enerji layihələri və aqroparklar sayəsində bölgə iqtisadi cəhətdən dirçəlir, minlərlə yeni iş yeri açılır.
Bu inkişaf prosesi təsdiq edir ki, Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmayıb — o, Azərbaycanın quruculuq və inkişaf dövrünün başlanğıcıdır. Dövlətimizin məqsədi azad edilmiş torpaqları təkcə bərpa etmək deyil, onları müasir, yaşıl, dayanıqlı regiona çevirməkdir. Prezident İlham Əliyevin də dediyi kimi, "biz bu torpaqlara həyat, işıq və gələcək gətiririk."
8 Noyabr — Zəfər Günü bu gün hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və birliyin rəmzidir. Bu gün biz qəhrəman şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin şücaətinə dərin hörmətlə yanaşırıq. Qalib xalqın bir övladı kimi hər birimiz bilirik ki, bu Zəfər asan qazanılmayıb və onu qorumaq hər birimizin borcudur.
Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayraq təkcə torpaqlarımızın deyil, həm də xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin simvoludur. Azərbaycan xalqı bu Zəfəri tarixin yaddaşına yazdı və bu zəfər sonsuza qədər bizimdir".
Vüsalə İbrahimli