AZ

Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin üzlərində məmnunluğu görmək qürurvericidir” » AzadMedia.az


Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümü ərəfəsində millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, onların rifahı üçün görülən işlərdən danışıb. Deputat bu münasibətlə öz seçki dairəsində — 74 saylı Masallı Seçki Dairəsinə daxil olan ərazilərdə şəhid məzarlarının ziyarəti və ailələrlə keçirilən görüşlər barədə sosial media hesabında fikirlərini bölüşüb.

Millət vəkili bildirib ki, sentyabrın 27-dən bu günədək bölgədə yerləşən kəndlərdə və inzibati ərazi dairələrində I və II Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş 118 şəhidin məzarlarını bir-bir ziyarət edib, ailələri ilə fərdi söhbətlər apararaq onların qayğıları ilə maraqlanıb:

“Anım günündən bu günədək olan müddətdə çalışdıq ki, 74 saylı Masallı Seçki Dairəsinə daxil olan ərazilərdə I və II Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş şəhidlərimizin hər birinin məzarını ziyarət edək, ailələri ilə fərdi görüşək. Sentyabrın 27-dən bu günədək müxtəlif kəndlərdə və inzibati ərazi dairələrində 118 qəhrəman şəhidimizin məzarlarını bir-bir ziyarət etdik, ailələri ilə fərdi söhbətlər apararaq qayğıları ilə maraqlandıq.”

Deputat qeyd edib ki, son beş il ərzində keçirdiyi qəbul və görüşlərdə hər zaman şəhid ailələrini, qaziləri və döyüşçüləri fərdi qaydada dinləyib, onların istəklərinin yerinə yetirilməsi üçün mümkün addımları atıb:

“Bəzən bu məsələləri yerindəcə həll etmişik, bizdən asılı olmayan hallarda isə aidiyyəti dövlət qurumlarına yönləndirərək nəticə əldə olunmasına çalışmışıq.”

Məşhur Məmmədovun sözlərinə görə, bu gün bölgədə şəhid ailələri arasında narazılıq səslərinin eşidilməməsi dövlətin həyata keçirdiyi sosial siyasətin real nəticəsidir:

“Şəhid ailələri nisgilli, kədərli olsalar da, hər biri qürurla, başıuca danışır. Onların üzlərində və söhbətlərində həm dövlətin göstərdiyi diqqət və qayğının, həm də cəmiyyətin dərin hörmətinin yaratdığı məmnunluğu görmək mümkündür.”

Millət vəkili şəhid ailələrinə və qazilərə göstərilən qayğının mənəvi güvənlik yaratdığını, onların həyatında böyük təsəlli rolunu oynadığını vurğulayıb:

“Şəhid ailələrinə, qazilərə göstərilən qayğı və dəstək qəhrəman ailələrin həyatında mənəvi güvənlik yaradır, onlara böyük təsəlli verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə və döyüşçülərimizə cansağlığı arzulayıram.”

Sonda millət vəkili xalqın şəhidlərə olan sarsılmaz ehtiramını bir daha vurğulayıb:

“Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidləri dərin ehtiramla anırıq! Onların işıqlı xatirəsi hər zaman qədirbilən xalqımızın qəlbində yaşayacaq.”



Seçilən
17
1
azadmedia.az

2Mənbələr