AZ

Fransa vətəndaşlarını Malini müvəqqəti tərk etməyi tövsiyə edib

Paris, 7 noyabr, AZƏRTAC

Fransa Xarici İşlər Nazirliyi Malidə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi fonunda fransız vətəndaşlarına ölkəni ən qısa zamanda müvəqqəti tərk etməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin yaydığı xəbərdarlıqda Bamakoda və bir çox bölgələrdə cihadçı qrupların tətbiq etdiyi blokadanın gündəlik həyatı iflic etdiyi vurğulanır.

“Son bir neçə həftə ərzində Malidə, o cümlədən paytaxt Bamako daxil olmaqla, təhlükəsizlik vəziyyəti pisləşib. Fransız vətəndaşlarına hazırda mövcud olan kommersiya reysləri ilə ölkəni müvəqqəti tərk etmələri tövsiyə olunur”, - deyə xəbərdarlıqda yazılıb.

Eyni zamanda, quru yollarla hərəkətlərin ciddi şəkildə qadağan edildiyi qeyd olunur, çünki terrorçu qruplar hazırda əsas magistral yolları hücum hədəfinə çeviriblər.

Nazirlik bir daha xatırladır ki, Mali daxilində istənilən səbəblə hərəkət etmək rəsmi şəkildə qadağandır.

Beynəlxalq yükdaşıma nəhəngi MSC (İtaliya-İsveçrə mənşəli konteyner şirkəti) də Malinin daxilinə quru yolla yükdaşımalarını təhlükəsizlik problemləri və yanacaq qıtlığı səbəbi ilə qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.

Keçən həftə isə ABŞ və Böyük Britaniya, təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbi ilə əməkdaşlarını və onların ailələrini ölkədən təxliyə etdiklərini bildirmişdilər.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Pascal Konfavrö bildirib ki, Paris Malidəki təhlükəsizlik vəziyyətinin pisləşməsini böyük diqqət və narahatlıqla izləyir. O əlavə edib ki, Fransanın diplomatik missiyası hələ də fəaliyyət göstərir, səfirlik açıqdır və 4 300 qeydiyyatda olan fransız vətəndaşının konsulluq müdafiəsi təmin olunur. “Onların təhlükəsizliyi bizim birinci prioritetimiz olaraq qalır”, - deyə nazirlik sözçüsü deyib.

Fransa hökumətinin xəbərdarlığı ilə Malidəki vəziyyətin qısa müddətdə sabitləşməsi ehtimalı az görünür. Həm beynəlxalq şirkətlər, həm də diplomatik nümayəndəliklər təhlükəsizlik risklərini minimuma endirmək üçün fəaliyyətlərini məhdudlaşdırmağa davam edirlər.

Seçilən
19
1
azertag.az

2Mənbələr