Azərbaycan dövlət qulluğu tarixində çox hadisə olub, amma bir generalın xidmətdə olduğu dövrdə “şabalıd alverinə” milyonlarla manat yatırması - bu həm faciə, həm də parodiya kimi səslənir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Risqli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun işi, əslində, bir şəxsin deyil, bütün dövlət idarəçiliyi sisteminin üzərindəki pası ortaya çıxarır.
Raul Zeynalov, özünün etirafına (şikayətində bu etiraf açıq görünür) görə, xidmətdə olduğu illərdə Ayaz Bayramov adlı kapitanla birlikdə şabalıd biznesinə milyonlarla manatlıq investisiya qoyub. Plan o qədər “ambisiyalı” idi ki, tərəflər Bakıya tonlarla şabalıd gətirib bazarı ələ almağı, bu sahədə “ölkə üzrə hakimiyyət qurmağı” hədəfləyirdilər. Bu, sadəcə bir ticarət deyil, bir generalın öz vəzifəsini iqtisadi alverin kapitalına çevirməsi idi. Amma hələ soruşan da yoxdur ki, bu qədər kapital generalda haradandır?! Axı generalın aylıq maaşı itirilən kapitanın 10 faizi qədər də yığıma imkan vermir!
İstintaq sənədlərinə görə, Zeynalov xidməti otağında, yəni dövlətin binasında, dövlətin kreslosunda oturarkən Bayramova dəfələrlə pul verib. Nağd pulu qurtaranda isə qohumlarının adına rəsmiləşdirdiyi bahalı avtomobilləri girov qoyub. Bir generalın xidməti masası biznes masasına çevrilmişdi.
İndi isə həmin Bayramov həbsdədir, Zeynalov isə “zərərçəkmiş” qismində ifadə verir. Amma əsas sual qalır: dövlət məmurunun biznes fəaliyyəti konstitusiya ilə qadağan edildiyi halda, bu general niyə həmin maddə ilə məsuliyyətə cəlb edilmir?
Bu, artıq hüquqi yox, mənəvi məsələdir. Dövlət mundiri alverin, pulun, şabalıd kisələrinin altında itib. General rütbəsini daşıyan bir məmurun xidmətdə olduğu dövrdə kommersiya sövdələşmələrinə girməsi dövlətin bütün prinsip və dəyərlərinə zərbədir.
Azərbaycan Konstitusiyası açıq şəkildə deyir: dövlət qulluqçusu kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Amma görünür, bəzi məmurlar üçün bu, yalnız “kitabda yazılmış cümlə”dir. Məsuliyyət hissi yoxa çıxıb, nəzarət mexanizmləri kağız üzərində qalıb, “dövlət qulluğu” ilə “özəl biznes” arasında sərhəd tamamilə silinib.
Bu hadisə bir daha sübut edir ki, bürokratik biznesmenlər artıq sistemin içindədir - onlar dövlətin adına işləyib, rüşvət və korrupsiya yolu ilə öz cibinə sərmayə qoyur. Onlar dövlətin adını və rütbəsini bir “brend” kimi istifadə edirlər: biri “şabalıd biznesinə” girir, digəri “torpaq alverinə”, üçüncüsü tenderlərə...
Zeynalovun 39 yaşında general rütbəsi alması, sonra bu rütbənin arxasında şəxsi maraqları gizlətməsi, əslində, sistemin özünün “peşəkarlıq” anlayışını itirdiyini göstərir. Əgər bir general xidmətdə ikən bazarda “hakimiyyət qurmaq” planı cızırsa, deməli, dövlət idarəçiliyi artıq dəyərlərdən yox, maraqlardan ibarətdir.
Bu gün bu iş “şabalıd qalmaqalı” kimi səslənir. Amma əslində, bu hadisə məmur biznesinin necə cəzasız və sistemli hala gəldiyini göstərir. Hər dəfə belə hallarda “zərərçəkmiş” obrazı yaradılır, amma heç kim soruşmur: bəs dövlətin etibarı və etimadı kimdən zərər çəkir?
Əgər bu hadisə yenə “adi mülki mübahisə” kimi bağlanarsa, o zaman sabah başqa bir general “fındıq biznesinə”, digəri isə “daş karxanasına” girəcək. Çünki sistem məsuliyyət tələb etmir, yalnız formal hesabatla kifayətlənir.
Raul Zeynalovun işi - bir insanın deyil, bir dövrün və bir idarəçiliyin simvoludur.
O, təkcə “şabalıd alverçisi” deyil, o, dövlət məmuriyyətinin bazarlaşdırılmış obrazıdır.
Dövlət mundiri xalqın inamını qorumaq üçündür, biznes planlarının tərkib hissəsi olmaq üçün yox! Bu inam bir dəfə itirilsə, onu heç bir “general rütbəsi” geri qaytarmayacaq.
Akif NƏSİRLİ