Noyabrın 7-də Nizami Kino Mərkəzində “Zəfərə açılan pəncərə” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəfərimizin 5 illiyinə həsr olunmuş təqdimat mərasimində çıxış edən filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərov bildirib ki, ümumi xronometrajı 44 dəqiqə olan ekran əsəri erməni separatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərovun həyatından bəhs edir. O bildirib ki, filmdə həbsxananın dar divarları arasında illərlə əsirlik həyatı yaşayan Dilqəm Əsgərov o illərin acı xatirələrini bölüşür. Həmçinin Kəlbəcərə gizli keçdiyi yollar, gecələdiyi yerlər, tutulduğu meşə, ata ocağı və digər məkanlar filmdə əksini tapıb. Ekran işi təkcə Dilqəm Əsgərovun taleyindən deyil, bütövlükdə Qarabağ müharibəsinin əsir və girovlarının ağrılı hekayəsindən bəhs edir.
Dilqəm Əsgərov AZƏRTAC-a açıqlamasında bildirib: “Mən işğaldan azad edilmiş ərazilərdə olmuşam, orada çoxlu çəkilişlər aparmışam. O zaman lentə aldığım görüntülər gənclər üçün ruh yüksəkliyi verir. 1998-ci ildən həmin ərazilərdə çəkilişlər aparmışam. 2014-cü ildə əsir götürüldüm və ağır işgəncələrə məruz qaldım. Bu gün isə çox sevincliyəm — Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, biz Zəfərə qovuşduq”.
Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp” Studiyası və “Referans Medical Group”un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.