Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 Noyabr Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.
Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş işçiləri də iştirak edirdi.
Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.
Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı:
“Bu gün biz Zəfərimizin 5 illiyini böyük fəxrlə və sevinclə qeyd edirik. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” deyə A.Əliyev əlavə edib.
Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncə avtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilər və veteranlar, o cümlədən də müharibə iştirakçiları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başını əzib.
Müəssisənin direktor müavini Etibar Qasımov cıxış edərək 44 günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinə görə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşında Azərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyaya sübut etdi.
Müəssisənin direktor müavini Şəhla Abdinova 44 günlük müharibənin hər bir azərbaycanlı üçün bir qürur nümunəsi olduğunu bildirdi. Vurğuladı ki, minlərlə şəhidlərin və qazilərin qanı bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.
Zavodun baş mühəndisi Vahid Məmmədov qeyd etdi ki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-də rəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifə borclarını yerinə yetirdi.
Sonda birliyin direktoru Amin Əliyev bir daha Zəfər günü münasibətilə veteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladı ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.
8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindən müəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçiları mükafatlandırılıb.
Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.