Pekin, 7 noyabr, AZƏRTAC
İndoneziyanın paytaxtı Cakartadakı Yunus Emre İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, diplomatik korpus üzvlərinin, dövlət və ictimai qurumların, medianın nümayəndələrin, İndoneziyada yaşayan həmvətənlərimiz iştirak etdikləri tədbirdə Azərbaycan və İndoneziya himnləri səsləndirilib, Zəfər Gününə aid videoçarx nümayiş olunub.
Yunus Emre İnstitutunun direktoru Camal Şahin tarixi bayram münasibətilə Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Ölkəmizin İndoneziyadakı səfiri Ramil Rzayev 8 Noyabr tarixinin Azərbaycan xalqının şanlı tarixinin ən şərəfli səhifələrindən olduğunu, Zəfərin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində, şəhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti hesabına qazanıldığını diqqətə çatdırıb. O, işğaldan azad olunan ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, “Böyük Qayıdış” proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtdığını bildirib.
Sonra institutun indoneziyalı tələbələrinin ifasında Azərbaycan xalq mahnıları təqdim olunub.
Tədbir iştirakçıları Zəfər Gününə həsr olunmuş fotosərgiyə baxıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin