Sahil Kərimli: “Bu paradın yüksək səviyyədə keçirilməsi həm də Azərbaycanın hərbi gücünün və qüdrətinin əyani göstəricilərindən biridir”
Neçə gündür ki, paytaxtımız Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş hərbi parada hazırlaşır. Şəhərimizin hər güşəsində hazırlıq işləri aparılıb.
Noyabrın 8-də Bakının Azadlıq Meydanında keçiriləcək (keçirilən) möhtəşəm paradı nəinki Bakı sakinləri, eləcə də bölgələrdə yaşayan vətəndaşlarımız, dünya azərbaycanlıları, dostlarımız böyük səbrsizliklə, həyəcanla, minnətdarlıqla gözləyir.
Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ilə bağlı ilk parad 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilib. O, Zəfər paradı idi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad oldu. İndi isə Vətən müharibəsində qələbənin əldə onunmasının beş illiyi münasibətilə hərbi parad keçirilir.
Qələbənin 5 illiyi ilə bağlı hərbi paradın əhəmiyyəti, dünyaya mesajları nədir?
Bu paradın çox möhtəşəm keçirilməsi Ermənistanı sülh siyasətinə daha itaətkar etməkdə nə kimi təsirli rol oynaya bilər?
“Ermənistan Azərbaycanın hərbi qüdrətini bir daha görür və bunu düzgün qiymətləndirərək konstruktiv mövqe nümayiş etdirir”
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, qələbənin beş illiyinə həsr olunmuş hərbi parad Azərbaycanın dünyaya hərbi və siyasi mesajlarından biridir. S.Kərimli qeyd etdi ki, Azərbaycan ordusunun gücü və qüdrəti, peşəkarlığı, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi arsenala malik, döyüş qabiliyyətinin yüksək olması burda bir daha nümayiş olunur. “Bu eyni zamanda Azərbaycanın dünyada sülhə və təhlükəsizliyə vermiş olduğu töhfələrlə, sülh mesajları ilə paralel olaraq hərbi gücününün də nümayişidir. Azərbaycan bu hərbi paradı keçirməklə dünyaya böyük bir mesaj verir. Biz dünyada və bölgədə sülh və təhlükəsizliyə sadiqik. Azərbaycan həm 44 günlük Vətən müharibəsində tarixi qələbəsini, həm də bir günlük antiterror tədbirləri ilə öz ərazi bütövlünü və suverenliyini bərpa etdiyini məhz Azərbaycan Ordusunun gücü ilə həyata keçirdiyini göstərir. Bu, Cənubi Qafqazın ən güclü ordusunun qüdrətinin təcəssümüdür”.
S.Kərimli vurğuladı ki, hərbi paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı da həm Azərbaycana mənəvi və siyasi dəstək kimi qiymətlənidirilə bilər, həm də paralel olaraq dünyaya bir mesajdır. “Bu həm türk qardaşlığının, türk birliyinin, həm də Azərbaycanın Türkiyə və Pakistanla çox isti və yaxın münasibətlərinin növbəti bariz nümunəsidir. Təbii ki, bu paradın yüksək səviyyədə keçirilməsi həm də Azərbaycanın hərbi gücünün və qüdrətinin əyani göstəricilərindən biridir.
Bu hərbi paradı Ermənistanın sülhə məcbur edilməsi istiqamətində bir addım kimi də dəyərləndirmək olar. Çünki Ermənistanın daxilindəki məlum qüvvələr sülh əleyhinə geniş kampaniya aparır və sülhün əldə olunmasının qarışısının alınması üçün revanşist çağırışlar edilir. Bu hərbi parad həm də Ermənistanın içindəki revanşist güclərə, işğalçılıq məsələsini yenidən gündəmə gətirmək istəyənlərə, bölgəni yenidən müharibə ocağına çevirmək istəyənlərə bir mesajdır ki, sizin bu addımlarınızın qarşısı qalib Azərbaycan Ordusu tərəfindən anındaca alınacaq. Ordumuzun gücü, qüdrəti artıqca Ermənistan hökuməti bununla barışır və razılaşır, Azərbaycanın sülh istəklərini yerinə yetirmək məcburiyyətində qalır. Azərbaycan ordusunun gücünün və qüdrətinin nümayiş olunduğu bu hərbi parad Ermənistana bir görk olmalıdır. Əminəm ki, belədir. Çünki Ermənistan Azərbaycanın hərbi qüdrətini bir daha görür və bunu düzgün qiymətləndirərək konstruktiv mövqe nümayiş etdirir. Biz qarşıdakı aylarda Ermənistanla sülh müqaviləsinin imzalanmasına da nail olacağıq. Təbiidir ki, bu paradın bir çox yöndən böyük önəmi var”.
S.Kərimlinin fikrincə, bu, Azərbaycanın hərbi gücünün göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin bölgədə sülh və təhlükəsizliyə vermiş olduğu töhfənin göstəricisidir. “Azərbaycan Silahlı Qüvvələri tam müasirdir, peşəkardır, istər regionda, istərsə də dünyada sülhün və təhlükəsizliyin əldə olunmasına, müharibə təhdidlərinin qarşısının alınmasına qadir bir ordudur”-deyə S.Kərimli bildirdi.
İradə SARIYEVA