AZ

Bolqarıstan hökuməti Lukoyl-un zavoduna əl qoydu – ABŞ-la razılaşdırılıb

Bolqarıstan Parlamenti ikinci və son oxunuşda neft və onun emalı məhsulları ilə bağlı iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi haqqında qanuna düzəlişləri qəbul edib.

Musavat.com xəbər verir ki, bununla da Lukoyl-un ölkədəki aktivləri üzərində xarici idarəetmə tətbiq edilib. Hakim çoxluq tərəfindən təsdiqlənən qanun layihəsi “Lukoil Neftochim Burqas” neft emalı zavodunda xüsusi ticarət menecerinin yaradılmasını nəzərdə tutur. Onun təyin olunması ilə şirkətin hazırkı rəhbərliyi, səhmdarları və kapital sahibləri qərar qəbul etmək, səhmləri və fondları idarə etmək hüququndan məhrum ediləcəklər. Xüsusi menecer tərəfindən verilən inzibati aktlar inzibati və ya məhkəmə baxışına tabe deyil.

Müxalifətin layihəyə etirazına hakim çoxluğun üzvləri qanunun mətninin ABŞ administrasiyası ilə razılaşdırıldığını və Ağ Evin zavodun fəaliyyətini davam etdirməsinə imkan verəcəyini bildiriblər.

Bolqarıstan prezidenti Rumen Radev jurnalistlərə vəziyyəti şərh edərkən xəbərdarlıq edib ki, Lukoyl şirkəti milliləşdirildikdən sonra faktiki olaraq ləğv edilən Bulgartabac ilə eyni aqibəti yaşaya bilər. O, Burqas zavodunun "onu inkişaf etdirə biləcək etibarlı sahibə" ehtiyacı olduğunu vurğulayıb.

Qəbul edilmiş qanun layihəsi prezidentin imzası və rəsmi dərcindən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ Lukoyl-a qarşı sanksiya tətbiq edib. Az sonra şirkət xaricdəki bütün aktivlərini satışa çıxarıb, Gunvor Group şirkətindən yaxşı təklif aldığını elan edib. Lakin noyabrın 6-da ABŞ Maliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinə  bağlı oliqarx Gennadi Timçenkonun nəzarətində olan şirkətin Lukoyl-un aktivlərini almasına imkan verilməyəcəyini açıqlayıb. Ardınca Gunvor özü prosesdən çıxdığını elan edib.

 

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr