Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”ndə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Kamran Xıdırov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verib, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yeri barədə söhbət açıb.
Qeyd edilib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.
Digər çıxış edənlər Zəfər Gününün xalqımız üçün daşıdığı dərin mənəvi və tarixi əhəmiyyətini vurğulayıb, bu Qələbənin gələcək nəsillər üçün qürur mənbəyi olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində şagirdlərin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş əl işləri nümayiş olunub, onlar şəhid və qazilərin şərəfli həyat yoluna həsr olunmuş kompozisiyalar təqdim edib, şeirlər söyləyiblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi