Musavat.com xəbər verir ki, Rusiyada yerli SIM-kartlar üçün mobil rabitənin müvəqqəti bloklanmasını nəzərdə tutan yeni mexanizmin sınaqlarına start verilib.
Təklifə əsasən, əgər abunəçi beynəlxalq rouminqdən istifadə edibsə və ya SIM-kartdan 72 saatdan çox yararlanmayıbsa, onun üçün 24 saat ərzində mobil internet və SMS xidmətləri əlçatan olmayacaq.
Bloklamanın aradan qaldırılması üçün istifadəçiyə xüsusi keçid göndəriləcək və o, səhifədə kapça (insan üçün asan, kompüter üçün çətin tapşırıq) daxil etməlidir. Bundan sonra xidmətlər bərpa olunacaq.
Yeni qaydanın məqsədi — “sahibsiz” və “boz” SIM-kartlardan istifadənin qarşısını almaqdır. Bildirilir ki, bu nömrələr tez-tez dronların idarəsində və ya fırıldaqçılıq sxemlərində istifadə olunur.
Qeyd edək ki, oxşar tədbir daha əvvəl xarici SIM-kartlara tətbiq edilmişdi və nəticədə bank xidmətlərinə SMS-lərin gəlməməsi kimi problemlər yaranmışdı.
Musavat.com