AZ

Rusiyanın neft ixracı çökdü - 3 böyük alıcı dövlət imtina etdi...


Rusiya üçün neft ixracı əhəmiyyətli gəlir mənbəyidir. Ancaq hazırda ixracın dəniz yolu ilə kəskin azalması, qiymət endirimləri, alıcı bazasının daralması və logistika problemləri Moskvanı ciddi çətinliklərə sürükləyir. Son aylarda neft ixracı azalıb, əsas alıcılar olan Çin, Hindistan və Türkiyə Rusiya neftindən imtina etməyə başlayıb.

Dəniz yolu ilə daşınan neftin həcmi və tanker sayı kəskin azalıb, “Urals” markalı neftin bir barrelinin qiyməti təxminən 51 ABŞ dollarına enib. Ekspertlər hesab edir ki, bu vəziyyət davam edərsə, Rusiya üçün nefti saxlamaq və satmaq çətinləşəcək, hətta bir sıra quyular, hətta bütöv yataqlar bağlana bilər.

Bu vəziyyəti “Rusiya öz neftinin içində boğulur” ifadəsi tam təsvir edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın sərtləşdirilmiş sanksiyaları, Çin və Hindistan kimi böyük alıcıların ehtiyatlı davranışı, Türkiyənin isə alternativ tədarük mənbələrinə yönəlməsi Rusiya üçün bazar daralmasına səbəb olub. Dəniz daşımalarının azalması və qiymət tavanı Rusiya neftindən gəlirləri kəskin şəkildə aşağı salır. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar “kölgə donanma” adlanan tanker şəbəkələrinə və onların təminatçılarına yönəlib, bu da daşımaların həm hüquqi, həm də logistika risqlərini artırıb.

Çin, Hindistan və Türkiyə əvvəllər Rusiya neftinin 95 faizini alırdılar. Lakin indi bu ölkələrdəki neftayırma zavodları ya alışı dayandırıb, ya da alternativ təchizatçılara yönəlib. Nəticədə yüz milyonlarla barrel neft okeanda saxlanılır. Bloomberg yazır ki, “Rusiya bütün barellərin üçdə birindən çoxunu sözün əsl mənasında boş yerə yükləyir. Tankerlər həftələrlə okeanlarda dolaşaraq kiminsə məhsulu endirimlə almasını gözləyirlər”.

İxracın azalması artıq büdcəyə zərbə vurub. Dəniz yolu ilə daşınmalardan əldə edilən gəlir bir həftə ərzində 27 faiz azalaraq 1,15 milyard dollara düşüb. Bu, avqust ayından bəri ən aşağı göstəricidir. Qiymət ucuzlaşması fonunda Rusiya büdcəsi sosial proqramlar və infrastruktur xərcləri üçün nəzərdə tutulan vəsaitləri itirir. Çünki hər endirim və hər satılmayan barrel Moskvanın müharibə üçün ayırdığı maliyyə imkanlarını daraldır.

Bloomberg və “Business Standard”ın təhlillərinə əsasən, Rusiya neftinin gələcəyi ABŞ-ın sanksiyalardan yayınmanın qarşısını nə qədər sərt şəkildə alacağından asılı olacaq. Təzyiqlər davam edərsə, Rusiya elə bir vəziyyətə düşə bilər ki, hasil etdiyi nefti nə sata, nə də saxlaya biləcək. Bu, texniki cəhətdən quyuların bağlanması və hasilatın azalması deməkdir. Çünki nefti saxlayacaq anbarlar yoxdur, Ukrayna tərəfindən bir çox neftayırma zavodları zərər görüb, hasilat infrastrukturu köhnəlib.

Belə şəraitdə Moskva Afrikada, Latın Amerikasında və bəzi Cənub-Şərqi Asiya ölkələrində alternativ bazarlar axtarır. Amma bu bazarlar kiçikdir, uzaqdadır və nəqliyyat xərcləri yüksəkdir. Üstəlik, Rusiya bu bazarlara çıxmaq üçün ciddi endirimlər təklif etməli olur. Bu da gəlirlərin azalmasını daha da dərinləşdirir.

Perspektivdə Rusiya neft sektorunu bir neçə ssenari gözləyir. Qısa müddətdə hasilat sabit qalsa da, gəlirlər azalacaq, büdcə sıxılacaq və sosial proqramlarda kəsintilər olacaq. Orta müddətdə bəzi quyular, hətta bütöv yataqlar bağlana, hasilat potensialı zəifləyə bilər. Uzunmüddətli perspektivdə isə Rusiya iqtisadiyyatı enerji sektorundan asılılığını azaltmağa məcbur olacaq, lakin bu keçid asan baş verməyəcək.

Beləliklə, Rusiyanı qarşıda enerji və maliyyə böhranı gözləyir. Neft satışı çətinləşdikcə, Rusiya büdcəsinin əsas dayağı sarsılır. Əgər vəziyyət dəyişməzsə, Moskva həm iqtisadi, həm də geosiyasi mənada öz neftinin içində boğulmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Akif NƏSİRLİ

Seçilən
17
baki-xeber.com

1Mənbələr