Dünyanın 9-cu raketkası, italiyalı tennisçi Lorenzo Muzetti 2025-ci il noyabrın 9–16-da İtaliyanın Turin şəhərində keçiriləcək ATP Final turnirinə vəsiqə qazanmaq şansını qoruyur.
90deqiqe.Az-ın məlumatına görə, o, Yunanıstanın paytaxtı Afinada keçirilən ATP-250 kateqoriyalı turnirin finalına yüksəlib. Muzetti yarımfinalda ABŞ təmsilçisi Sebastyan Kordaya 6:0, 5:7, 7:5 hesabı ilə qalib gəlib.
Hazırda italiyalı tennisçi canlı ATP reytinqində 3840 xalla 9-cu pillədə qərarlaşıb. Onun bir pillə önündə olan kanadalı Feliks Oje-Alyassim isə 3845 xala malikdir. Oje-Alyassim bu həftə keçirilən turnirlərdə iştirak etməyib və Metz turnirindən geri çəkilib.
Əgər Muzetti Afinada çempionluq qazanarsa, xallarını 3925-ə çatdıracaq və Oje-Alyassimi geridə qoyacaq. Finalda Lorenzo 24 “Böyük Dəbilqə” titullu serbiyalı Novak Cokoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, Cokoviç artıq ATP Final turnirinə vəsiqə qazanıb, lakin hələlik yarışda iştirak edib-etməyəcəyinə qərar verməyib.