BAKI, 8 noyabr. TELEQRAF
İki nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Teleqraf xəbər verir ki, dələduzluqda ittiham edilən, 1984-cü il təvəllüdlü Masallı rayonu Həsənli kənd sakini Cəfər Məmmədov özünü təqsirli bilib və zərərçəkmiş şəxslərə dəyən ziyanın bir hissəsini ödəyib.
İttihama görə, əvvəllər hərbçi olmuş Cəfər Məmmədov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tanış olduğu Pərvin adlı hərbçiyə ordu sıralarından təxris etdirilməklə əlilliyə görə təqaüd düzəldəcəyini vəd edib və bu məqsədlə ondan 8 min manat pul alıb.
Bundan başqa, Aytən adlı xanımı isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb bacısı kimi işə düzəldəcəyini vəd edərək ondan 4 min manat alıb. Məmmədov vədlərinə əməl etməyərək hər iki şəxsi aldadıb.
Məhkəmədə ifadə verən Cəfər Məmmədov Pərvin adlı şəxsdən aldığı 8 min manatın 6 min manatını geri qaytardığını, qalan məbləği də ödəyəcəyini bildirib. O, həmçinin Aytən adlı xanımdan aldığı 4 min manatı da geri qaytardığını deyib.
Zərərçəkmiş şəxslər məhkəmədəki ifadələrində Cəfər Məmmədovdan şikayətçi olduqlarını bildiriblər.
Cəfər Məmmədov himayəsində 3 azyaşlı övladı olduğunu, əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Cəfər Məmmədov barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.