AZ

Almaniya kansleri iqlim konfransında iştirak etmək üçün Braziliyaya səfər etdi

BAKI, 8 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Braziliyanın Belin şəhərində keçirilən BMT-nin iqlim konfransında (COP) iştirak etmək üçün bu ölkəyə səfər edib. Sammitdə qlobal iqlim dəyişikliyinə qarşı mübarizə və Amazon meşələrinin qorunması məsələləri müzakirə olunur.

Teleqraf "BILD"ə istinadən xəbər verir ki, toplantının əsas mövzusu Braziliya prezidenti Luis İnasio Lula da Silvanın təşəbbüsü ilə yaradılan yeni “Amazoniyanın mühafizəsi fondu” olub.

Fondun məqsədi meşələri qoruyan ölkələrə dəstək göstərmək və meşələrin qırılmasına nəzarəti gücləndirməkdir.

Braziliya və İndoneziya artıq fondda hərəsi bir milyard dollar investisiya ayıracağını bəyan edib, Böyük Britaniya isə öz töhfəsini hazırlayır. Almaniya tərəfi isə bu mərhələdə konkret maliyyə öhdəliyi təqdim etməyib.

Fridrix Merts çıxışında bildirib ki, Almaniya təkbaşına planetin iqlimini xilas edə bilməz.

“Əgər bu gün biz iqlim neytrallığına nail olsaq belə, sabah dünyada heç nə dəyişməyəcək. Bu, yalnız birgə səylərlə mümkündür”, - o deyib.

Rəsmi izahata görə, Almaniya federal büdcəsi hələ təsdiqlənmədiyindən, fonda maliyyə vəsaiti ayırmaqla bağlı qərar açıq qalır.

Seçilən
81
teleqraf.com

1Mənbələr