AZ

Batumidə Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Tbilisi, 8 noyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə regionda yaşayan azərbaycanlılar, bölgədə fəaliyyət göstərən SOCAR Kulevi Neft Terminalının və SOCAR Acarıstan Nümayəndəliyinin rəhbərliyi və kollektivi, Gürcüstanda təhsil alan həmvətənlərimiz, yerli icmanın və diplomatik korpusun nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Baş Konsulluğun rəhbəri Fuad Əzizov çıxış edərək qeyd olunan əlamətdar günlər münasibətilə soydaşlarımızı təbrik edib, bu bayramların tarixi əhəmiyyətindən, Azərbaycanın güclənən dövlətçilik ənənələrindən və soydaşlarımız arasında həmrəyliyin vacibliyindən danışıb.

Daha sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.

Azərbaycanın Əməkdar artisti, skripka ifaçısı Ceyhun İsmayılov, eləcə də gənc vokalçı Sona Əzizova Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa edib, Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdləri şeirlər söyləyiblər.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
66
3
azertag.az

4Mənbələr