ABŞ nümayəndələri bu ayın sonunda Cənubi Afrikanın sədrliyi ilə Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəklər.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu "Truth Social"da açıqlayıb.
O, Afrika sammitini rüsvayçılıq adlandıraraq, ağdərili insanların insan haqları vəziyyətinə diqqət çəkib:
"Bu insan haqları pozuntuları davam edərkən ABŞ hökumətinin heç bir nümayəndəsi ora getməyəcək. Mən 2026-cı ildə Mayamidə (Florida) keçiriləcək G20 sammitini səbirsizliklə gözləyirəm".
Sentyabrın əvvəlində Tramp 22-23 noyabr tarixlərində Cənubi Afrikada keçirilməsi planlaşdırılan G20 sammitini buraxacağını açıqlayıb. Amerika lideri vitse-prezident J.D.Vensin sammitdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd etmişdi.
May ayında Vaşinqtonda üzbəüz görüş zamanı Tramp prezident Siril Ramafosa ilə Cənubi Afrikadakı ağdərili insanların insan haqları vəziyyətiylə bağlı mübahisə edərək, məsələnin həll edilməsinin vacibliyini bildirib. Əks halda, ABŞ prezidenti hesab edir ki, "bu, ölkənin sonu olacaq".
Musavat.com