Azərbaycan bu gün igid oğullarının şücaəti, xalqımızın birliyinin və qürurunun rəmzi olan beşinci Zəfər Gününü qeyd edir. Bu tarix bizə azadlıq, ədalət və torpaq uğrunda canından keçən qəhrəmanların xatirəsini bir daha yad etməyə, onların ailələrinə dərin minnətdarlığımızı ifadə etməyə əsas verir.
AzEdu.az Təhsil Portalı bu illər ərzində “Şəhid yadigarı” rubrikasında şəhid ailələrinin üzvləri ilə söhbətlər aparıb, onların yaddaşında əbədi iz qoyan qəhrəmanların həyat hekayələrini oxuculara çatdırıb.
Bu müsahibələrdə təhsil sahəsində çalışan, eyni zamanda şəhid bacısı, övladı və ya həyat yoldaşı olan insanların dilindən həm hüzn, həm qürur, həm də vətən sevgisi duyulur. Onların sözlərində təkcə itkinin ağrısı deyil, həm də qəhrəmanlarımızın yaşatdığı əbədi ruh hiss olunur.
İndi isə həmin müsahibələrdən ən təsirli, duyğulandıran məqamları sizinlə bölüşürük...
Şəhid Sübhi Mürsəliyevin qızı Aişə Mürsəliyeva bu il Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.

O, demişdi ki, atası da hər zaman onun yüksək səviyyədə təhsil almasını arzulayırdı:
"Atamın istədiyini yerinə yetirmək üçün əlimdən gələni edirdim. Bu uğurumu bir növ atama həsr etdiyimi deyə bilərəm. Gələcəkdə təhsilimi başa vurduqdan sonra əvvəlcə bir neçə il burada, daha sonra isə xaricdə oxuyub işləməyi planlaşdırıram.
Düşünürdüm ki, əgər torpaqlarımızın uğrunda döyüşərək şəhid olmuş insanlar cəsarət göstəribsə, mənim də ali məktəbə qəbul olmaq üçün cəsarətim və oxumaq həvəsim olmalıdır. Bunu özümə borc bilirdim".
Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Nurlan Həmidov da bu il ali məktəbə qəbul zamanı yüksək bal toplayanlar arasında oldu:

"Hədəfim maliyyə sahəsi üzrə xaricdə təhsil almaqdır. Bu sahədə ən böyük motivasiyasam atamın mənimlə bağlı arzularını reallaşdırmaq, müəllimlərimin ümidlərini doğrultmaqdır. Təsadüfi deyil ki, məhz maliyyə seçmək istəməyimin səbəbi də atamla bağlıdır. O, çox istəyirdi ki, mən maliyyə ixtisası üzrə təhsil alım. Ən böyük arzum ixtisasım üzrə peşəkar kadr olub, vətənimə, dövlətimə layiqli vətəndaş, atama nümunəvi övlad olum".
II Vətən Müharibəsi şəhidi Qoşqar Ömərovu müəllimi, ADPU-nun Riyaziyyat fakültəsinin dosenti Cəmilə Abdullayeva belə xatırlayır.

"Qoşqarın vətənpərvərliyi yalnız səngərdə silah tutmaqla məhdud deyildi. Onun hər baxışı, hər sözü, davranışı bu torpağa və bu millətə olan dərin sevgidən xəbər verirdi. Vətən onun üçün yalnız bir coğrafi məkan deyildi. O, vətənin çölünü, düzünü, insanını sevirdi.
O, tələbə olarkən belə, ciddi, məsuliyyətli və nümunəvi idi. Bir dəfə də olsun idman geyimində görməmişdim onu. Həmişə klassik, səliqəli, müəllimə yaraşan şəkildə geyinərdi. Çox zaman kiçik damalı köynəklərə üstünlük verərdi. Qarayanız, hündürboy oğlan idi. Saçını hər zaman bir tərəfə darayar, auditoriyada eyni cərgədə oturar və dərsə heç vaxt gecikməzdi. Onun duruşunda bir müəllim ciddiliyi, bir lider dincliyi vardı".
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanlardan biri də Taleh İsmayılovdur. Onun 10-cu sinifdə təhsil alan oğlu Murad atasını belə xatırlayır:

"I sinifdə dərsə gələrkən sinif yoldaşlarım həmişə valideyni ilə gəlirdi. Atam isə hərbi xidmətdə işlədiyi üçün gələ bilməmişdi. Bir müddətdən sonra atamla əlaqə saxladım və dedim ki: “sinif yoldaşlarımın atası gəlir, amma sən heç gəlmirsən”. Bu sözdən sonra atam mənə dedi ki, gələn dəfə gəlib səni özüm dərsə aparacağam.
Bu söhbətin üstündən bir həftə keçdi. Atam mənə dediyi kimi elədi. Mənimlə birgə dərsə gəldi, hətta sinifdə bir parta arxasında əyləşib şəklimizi də çəkdi. Bu hadisəni heç zaman unutmaram".
Qarabağ Universitetində təhsil alan Aysel Mehralıyevanın qardaşı Namiq Mehralıyev də şəhidlər sırasındadır. O, qardaşı ilə bağlı düşüncələrini belə ifadə edib:

"Qardaşım şəhid olanda mənim 9 yaşım var idi. Mən onunla heç vaxt görüşmək şansını əldə edə bilməmişəm. Böyük bacım isə qardaşım şəhid olmadan bir-iki ay əvvəl onunla görüşmüşdü. Mənim belə bir şansım olmadı...Onu görə bilsəm demək istərdim ki, əməklərin, canını fəda etməyin boşa getmədi. Bu gün burda tələbələr azad şəkildə gəzə bilirsə, bunda sənin də payın böyükdür".
ll Qarabağ müharibəsi şəhidi baş leytenantı və hərbi tibb qulluqçusu Azər Şəmilovun oğlu Fədayət Şəmilov atası barədə bunları deyir:

“Atam mənə zarafatla Eynşteyn də deyərdi. Çox yaxşı xatırlayıram ki, dərsdən gələn kimi tapşırıqlarımı yerinə yetirirdim, atam isə işdən dönəndə onunla riyaziyyat məsələlərini müzakirə edirdik.
Hər həftəsonu atamla birgə babamgilə gedərdik. Yol boyu etdiyimiz söhbətlər, elə müzakirələr mənim üçün həyatın ən sevimli anları olub".
II Qarabağ müharibəsi şəhidi, tarix müəllimi Elgün Quliyevin bacısı Aysel Quliyeva qardaşı ilə bağlı onu ən çox təsirləndirən xatirəni belə ifadə edib:

“Elgün gedib, jurnalda öz səhifəsini doldura, ilk maaşını ala bilmədi… Deyirdi ki, “Elə istəyirəm ki, müəllim olum, dərs keçim”. Bəlkə də Elgün ilk dərsini düşmənə keçdi…Tale onu Şuşa sıldırımlarından da uca mərtəbəyə, Şəhidlik Zirvəsinə apardı…
Mən onunla danışanda çox da irəli getməməsini söylədim. O, dedi ki, “Yox, niyə getməyim? İrəli aparanda soruşurlar, qorxuram deyəni aparmırlar”.
"Elgün de ki, qorxuram”,- dedim. Amma o, mənə “Yox, qorxmuram”,- dedi və səs kəsildi…".