Bakı, 8 noyabr, AZƏRTAC
Şuşa şəhərinin düşmən işğalından azad edildiyi 8 noyabr xalqımızın Zəfər Bayramıdır. 2003-cü il oktyabrın 15-də prezident seçkilərində qələbə qazandıqdan sonra oktyabrın 31-də andiçmə mərasimindəki nitqində İlham Əliyev Azərbaycan ərazilərinin bir qarışının belə düşmən işğalı altında qalmayacağı, necə olursa-olsun azad ediləcəyi sözünü vermişdi. Hakimiyyətə gəldiyinin 20-ci ilində – 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağımızı ucaltmaqla söylədiklərini yerinə yetirdi. Artıq Azərbaycan ərazisində işğalçı qüvvələr və xarici qoşunlar yoxdur, dövlət suverenliyi tam bərpa edilib.
Bəs qazanılan qələbənin tarixi əhəmiyyəti nədir? Ondan hansı ibrət dərsləri almaq olar?
Vətən torpağının azadlığı uğrunda ölməyə hazır olmayan bir nəfər yoxdur: ədalətsiz dünyaya qarşı tək yumruqla döyüş
Vətən torpağını düşmən tapdağından azad etmək uğrunda ölməyə hazır olmayan bir fərdinin olmadığı Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib təkcə işğalçı Ermənistana deyil, onu müdafiə edən ədalətsiz dövlətlərə qarşı tək bir yumruqla mübarizəyə qalxaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən, xarakterinə görə ədalətli, azadlıq müharibəsi olan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də 23 saat sürən lokal xarakterli antiterror tədbirləri nəticəsində 1988-ci ildən bəri Azərbaycanın qarşısında dayanan problemi birdəfəlik, kökündən həll etdi. Azərbaycan Silahlı Qüvvələri Qələbəni heç bir xarici yardım olmadan, canı və qanı hesabına, təkbaşına döyüş meydanında qazandı. İşğalçı Ermənistan danışıqsız təslim oldu. Ağdam, Kəlbəcər və Laçının şəhid verilmədən azad edilməsi ümumi qələbənin memarı Prezident İlham Əliyev diplomatiyasının zəfəri idi.
Zəfərin tarixi əhəmiyyəti: Azərbaycan tarixinin ən yeni dövrünün başlanması
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə düşmənin ərazilərimizdən qovulması, bir müddət sonra sərhəddə Laçın rayonunda Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz üzərində nəzarətin əldə edilməsi, işğalçı Ermənistan tərəfindən qurulmuş separatçı rejimin lokal xarakterli antiterror tədbirlərindən sonra dövlətimizin şərtlərini qəbul edərək ağ bayraq qaldırması, diz çökməsi nəticəsində bütün ərazilərimizdə suverenliyimizin tam bərpa edilməsi, separatçıların həbs olunub Bakıya gətirilməsi əhəmiyyətinə görə Azərbaycan, Cənubi Qafqaz, Türk dünyası və dünya miqyasındadır.
İlk növbədə, 30 ildən çox davam edən işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi bərpa edildi, xalqımız məqsədinə nail oldu. Qazanılan qələbənin kökləri orta əsrlərin “səlib yürüşləri”nə gedib çıxan, dünya erməniliyinin və havadarlarının XVIII əsrdən etibarən qurduqları planların darmadağın edilməsidir. Bu, Ermənistanı müdafiə edən dövlətlər, təşkilatlar, lobbi qrupları üzərində tarixi zəfərdir. Qələbə ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımıza qarşı səlibçi psixologiyanı, digər planları darmadağın edərək onların hamısından güclü, yenilməz və qüdrətli olduğunu bir daha sübut etdi, həm 1918-1920-ci illərdə birinci respublika, həm 1920-1991-ci illərdə müstəqil olmasa da ikinci respublika, həm də 1991-ci ildən sonrakı üçüncü respublika illərində Azərbaycanın bədənindəki qara yaranı, çibanı birdəfəlik, kökündən kəsib atdı. Qazanılan möhtəşəm Zəfərlə qalib xalq doğuldu, tariximizdə ən yeni dövr başlandı.
Bütün təzyiqləri rədd edən, özünün dediyi kimi, heç bir yarımçıq qərarın qəbuluna tərəfdar olmayan, xalqın və dövlətin inkişafına mane olan əngəlləri amansızlıqla əzib keçən, əsrin səhvini düzəldərək Azərbaycan ərazisində basdırılmış bombanı əbədi olaraq zərərsizləşdirən Prezident İlham Əliyev tariximizin ən böyük strateqi, mahir diplomatı, yenilməz sərkərdəsi və informasiya savaşının qalibi oldu. Ötən əsrin 20-ci illərinin əvvəllərindən etibarən siyasi leksikona süni şəkildə daxil edilmiş qondarma “Dağlıq Qarabağ” ifadəsi tarixin zibilliyinə atıldı. 1921-ci ildə siyasi leksikondan çıxarılmış Zəngəzur adı bərpa edildi.
Qazanılan qələbə o zamana qədər Prezident İlham Əliyevin liderliyində yürüdülən daxili və xarici siyasətin düzgünlüyünü, mükəmməlliyini göstərdi. Bu, Azərbaycan iqtisadiyyatının, Silahlı Qüvvələrinin, hərb sisteminin, dövlət idarəetmə sisteminin, daxili və xarici siyasətinin, diplomatiyasının, ideologiyasının, milli-mənəvi ruhunun düşmən üzərində parlaq qələbəsidir. Ölkə rəhbəri göstərdi ki, bir dövlətin böyüklüyü onun ərazisinin həcmi, əhalisinin sayının çox və az olması ilə müəyyənləşdirilmir, həlledici amil millətin iradəsi, dövlətə rəhbərlik edən şəxsin üstün zəkasıdır.
Qurulmuş planların qarşısını ala bilməyən Cümhuriyyət xadimlərinin, sovet dövrü Azərbaycan rəhbərlərinin, Xocalı soyqırımı qurbanlarının, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin, həyatlarını itirmiş günahsız mülki insanların ruhları bu tarixi Qələbə nəticəsində şaddır. Onların qanı hədər getmədi, arzuları gerçəkləşdi.
Xalqımızın və dövlətimizin arzularını və xəyallarını gerçəkləşdirən Prezident İlham Əliyev gələcək nəsillərə yaşamağın düsturunu verdi, dünyanın harasında qalmasından asılı olmayaraq başını dik tutaraq yaşamağı öyrətdi. Tariximizdə ilk dəfə olaraq yaradılan Zəfər Parkı, Qənimətlər Parkı təkcə indiki deyil, gələcək nəsillərin də vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyəsindən ötrü tarixi əhəmiyyət daşıyır.
Zəkası, qətiyyəti, cəsarəti və yenilməz iradəsi ilə dünyaya Möhtəşəm Azərbaycanlı Obrazını təqdim edən Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan özünün haqq işindən heç bir zaman geri çəkilməz, təzyiqlə danışmaq nəticə verməz.
Ərazilərin işğaldan azad edilməsi 1994-cü ildə atəşkəsə gedərkən Ulu Öndər Heydər Əliyevin zəkasının, müəyyənləşdirdiyi strategiyanın Ermənistan, dünya erməniliyi və onların havadarları üzərində üstünlüyünü və qalibiyyətini göstərdi.
Azərbaycan dinc quruculuq dövrünə qədəm qoydu. Heç bir xarici dövlət və beynəlxalq təşkilatın yardımı olmadan işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə şəhər, qəsəbə və kəndlərin tikilməsi, infrastrukturun yaradılması, iş yerlərinin açılması, keçmiş məcburi köçkünlərin planlı şəkildə doğma yurdlarına qaytarılması ölkəmizdə maliyyə-iqtisadi siyasətin düzgün qurulduğunu təsdiq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan işlər Prezident İlham Əliyevin yaratdığı ən yeni Azərbaycandır.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin Xankəndidə səs verməsi, səsvermə qutusuna atdığı bülleten özünün dediyi kimi, sadəcə bülleten deyil, erməni separatçılığının tabutuna vurduğu son mismar, uydurma “böyük Ermənistan” iddialarını, “Miatsum” sayıqlamalarını dəfn etməsi, dünya erməniliyini və havadarlarını ayaqları altında tapdalaması idi. Yaranışından bəri bu ünsür heç vaxt belə ağır zərbə almamışdı. Erməni terror təşkilatları və dünya erməniliyi süqut dövrünə girdi.
Prezident İlham Əliyev xalqımızın həyatına şəhər günləri, bayramlar, sevinc gətirdi.
Qazanılan Qələbə əhəmiyyətinə görə Cənubi Qafqazı da əhatə edir. Regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yarandı. Prezident İlham Əliyev erməniləri öz maraqları naminə istifadə edən dövlətlərin əlindən qurtarmağa çalışır. Qələbə ilə dövlətimizin başçısı belə problemlərin girdabına salınmış digər xalqlara da yol göstərdi.
Zəfər Türk dünyasının da başını uca etdi. Yüzilliklər boyu Türk dünyasına qarşı quraşdırılan kirli oyunları darmadağın edən Prezident İlham Əliyev türk dövlətlərinə və xalqlarına da yol göstərdi. Türk dövlətləri və müstəqil dövlətləri olmayan türk millətlərinin özünə inamı artdı. Prezident İlham Əliyev bu Qələbə ilə XXI əsri türk əsri etdi.
Qazanılan Zəfərin böyük beynəlxalq əhəmiyyəti var. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin mərhələli, paket və ümumi dövlət planlarını istifadəyə yararsız kağız parçası kimi cırıb bir kənara ataraq onların fövqündə dayandı. Bununla BMT, ATƏT və başqa təşkilatların üstündəki ləkə də silindi.
Qələbə ilə Prezident İlham Əliyev dünyada əzilən xalqlara da yol göstərdi. Azərbaycan rəhbəri haqq, ədalət rəmzidir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin dünyanın fövqəldövləti olan Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Ağ Evdə bu ölkənin Prezidentinin şahidliyi ilə paraflanması, döyüş meydanında qazanılan Qələbənin masada da qəbul etdirilməsi Azərbaycan diplomatiya tarixinin parlaq səhifəsidir.
İbrət dərsləri
Zəfər Bayramı təqvimin sadəcə bir günü deyildir. Hər il keçiriləcək bu bayram, eyni zamanda, xalqımızın özünə yenidən baxışı və qiymətləndirməsi günü olmalıdır. Məlum olduğu kimi, tarix yalnız xronologiya və rəvayət üçün öyrənilmir. Tarixin öyrənilməsi bir xalqın haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməsi, keçmişdən ibrət dərsləri çıxarması, buraxılan səhvləri bir daha təkrarlamaması üçün lazımdır. Tarixini bilməyən xalq mürəkkəb və qarışıq zamanın qaranlıq sel-sularında qərq olmuş kimidir. Qazanılan Qələbə olub-keçmiş yaxın və uzaq tarixin unudulması anlamında olmamalıdır. Ermənistanın əsassız ərazi iddialarının başladığı 1988-ci ildən başlayaraq dövlət suverenliyinin tam bərqərar edildiyi 2023-cü ilədək olan tariximizdən düzgün ibrət dərsi almaqdan ötrü belə bir suala cavab vermək lazımdır: Azərbaycan əraziləri hansı şəraitdə işğal edilmişdi və hansı şəraitdə azad edildi? Ərazilərimiz ölkəmizdə xaos, anarxiya, dövlət hakimiyyəti zəif qanadları arasında intriqalar olanda işğal edilmişdi. Ərazilərimiz ölkəmizdə sabitlik, ciddi qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda, millət tək bayraq altında birləşəndə işğaldan xilas edildi. Deməli, xalqımızın inkişafının və arzularına çatmasının təməlində güclü milli müstəqil dövlət, qüdrətli dövlət rəhbəri dayanır. Xalqımızı məğlub vəziyyətdən çıxarıb qalib, başını uca edən, üstündəki ləkəni silən, arzularını gerçəkləşdirən, qələbələrə gətirən, qarşısında yeni üfüqlər açan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yürüdülən bu siyasət daim davam etdirilməlidir...