AZ

8 noyabr: “Qürurumuz özümüzə qaytarıldı”

"8 noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında tarixi Zəfərin 5 illik yubileyi münasibətilə Milli Məclisin deputatı, Yen Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib. 

O qeyd edib ki, bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi:

"Bu tarixi qalibiyyətin nəticəsində Ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar".

Onun sözlərinə görə, artıq 5 ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir:

"Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirmişdi. Eyni zamanda Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir.

Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu Ermənistana qarşı əks-hücuma keçdi. 30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı".

Elman Nəsirov əlavə edib ki, noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi:

"Noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və Baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu.

Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir". 

O bildirib ki, 2026-cı il regionda sülh və təhlükəsizlik ili kimi tarixə düşə bilər:

"Bu gün Bakıda Azadlıq meydanında tarixi Zəfərin beş illik yubileyi ilə bağlı sayca üçüncü hərbi parad keçiriləcək. Qardaş dövlətlərin liderləri: Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də müzəffər Prezidentimiz İlham Əliyevlə yanaşı olaraq bu tarixi hərbi paradda iştirak edəcəklər.

Azərbaycan Zəfərimizin 5-ci ildönümünə həsr edilən bu tarixi hərbi paradı keçirməklə bütün dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaz bölgəsinə sülh və sabitlik arzulayan xarici tərəfdaşlarımıza, habelə müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyən beynəlxalq qaragüruhçu qüvvələrə  və onların daxilimizdəki miskin törtöküntülərinə də mühüm mesajlar vermiş olacaqdır.

Bu hərbi parad həm Azərbaycanın hərbi üstünlüyünü, həm siyasi iradəsini, həm diplomatik məharətini, həm də güclü müttəfiqlərə malik olduğunu nümayiş etdirəcəkdir. Bu hərbi parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanı bir daha dünyaya təqdim ediləcəkdir. Zəfər Bayramımız mübarək! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!".

Seçilən
65
cebheinfo.az

1Mənbələr