AZ

Milli qürur və dövlətçilik rəmzi

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hər il 9 noyabr tarixində Azərbaycan xalqı böyük qürur hissi ilə Dövlət Bayrağı Gününü qeyd edir. Bu əlamətdar tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul etməsi ilə bağlıdır.

Üçrəngli – mavi, qırmızı və yaşıl – bayrağımız xalqımızın tarixi, mədəniyyəti və mənəvi dəyərlərinin təcəssümüdür: Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirlik, inkişaf və demokratiya ideyalarını, yaşıl rəng isə İslam mədəniyyətinə və milli mənəviyyatımıza sadiqliyi simvolizə edir.

Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz azərbaycançılıq düşüncəsinin və milli birliyimizin parlaq rəmzidir.

1918-ci ildə qəbul edilən bu müqəddəs bayraq, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə enmişdi. Lakin xalqımızın yaddaşında o, azadlıq və müstəqillik arzularının simvolu kimi yaşamağa davam etdi.

Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan hadisələrdən biri də Ulu Öndər Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımızı yenidən qaldırmasıdır.

O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bu tarixi qərarı qəbul edərək bayrağımızı rəsmi dövlət rəmzi kimi təsdiqlədi. Bu addım müstəqil Azərbaycan dövlətçiliyinin bərpası yolunda dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyev o zaman demişdi:

“Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bizim milli bayrağımızdır. Biz bu bayrağı yaşatmalı, onu qoruyub gələcək nəsillərə ötürməliyik.”

Bu hadisə xalqımızda milli özünüdərk hissini daha da gücləndirdi və müstəqil Azərbaycanın doğuluşuna ideoloji əsas yaratdı.

Bu gün artıq möhtəşəm Azərbaycan bayrağı bütün torpaqlarımızda – Şuşada, Xankəndində, Xocalıda və digər azad edilmiş ərazilərdə – qürurla dalğalanır.

Bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və xalqımızın birliyi sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev bu barədə belə demişdir: “Bizim bayrağımız xalqımızın azadlıq, dövlətçilik və milli birliyinin rəmzidir. Bu bayraq hər zaman bütün Azərbaycan torpaqlarında ucalacaq və gələcək nəsillər üçün qürur mənbəyi olacaq.”

Azərbaycan bayrağı bu gün yalnız dövlət atributu deyil, həm də xalqımızın mübarizə, qəhrəmanlıq və azadlıq rəmzidir. O, şəhidlərimizin qanı ilə ucalmış, müstəqilliyimizin, azadlığımızın və birliyimizin təcəssümünə çevrilmişdir.

Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin bütün bölgələrində, məktəblərdə və təşkilatlarda tədbirlər keçirilir, bayrağımıza olan sevgi və ehtiram bir daha nümayiş olunur.

Üçrəngli Azərbaycan bayrağı bu gün hər bir azərbaycanlının qəlbində qürur, vətənpərvərlik və milli birliyin simvolu kimi dalğalanır.

Qoy bayrağımız daim ucalarda dalğalansın – Azərbaycan xalqının şərəfi, müstəqilliyi və əzəməti kimi!

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
sesqazeti.az

1Mənbələr