AZ

Moskvada çaxnaşma: Lavrovun istefası xəbəri yayıldı

BAKI, 8 noyabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrovun Təhlükəsizlik Şurasının son iclasında iştirak etməməsi Moskvada çaxnaşma və şayiələr dalğası yaradıb. Bu, o qədər güclü olub ki, Kremlin vəziyyəti ictimai şəkildə şərh etməsi lazım gəlib.

Teleqraf xəbər verir ki, bu barədə CNN bildirib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov dünən Lavrovun əvvəlki kimi öz vəzifəsini davam etdirdiyini bildirib və mümkün istefa xəbərlərini “uydurma” adlandırıb.

Şayiələrin səbəbi Sergey Lavrovun çərşənbə günü Təhlükəsizlik Şurasının iclasında iştirak etməməsi olub. Həmin iclasda Putin tammiqyaslı nüvə sınaqlarının bərpası perspektivlərini müzakirə edib. Təbliğatçı KİV-lərin məlumatına görə, xarici işlər naziri “razılaşma əsasında” iştirak etməyib, amma bu fakt müşahidəçilərin diqqətini çəkib. Çünki o, Təhlükəsizlik Şurasının iclasa qatılmayan yeganə daimi üzvü olub.

Şübhələri daha bir amil artıb, Lavrov Yohannesburqda keçiriləcək G20 sammitində Rusiya nümayəndəliyinə rəhbərlik etməyəcək. Putin missiyaya rəhbərliyi Prezident Administrasiyası rəhbərinin müavini Maksim Orəşkinə tapşırıb.

Analitiklər dərhal Lavrovla Kreml arasında mümkün fikir ayrılıqlarından danışmağa başlayıblar - xüsusilə Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə görüş təşkil etmə cəhdinin uğursuzluğundan sonra. Lavrov bunun üçün əsas danışıq aparan şəxs olub, amma onun ABŞ dövlət katibi Marko Rubio ilə söhbətindən sonra görüş ləğv edilib.

Rəsmi Moskva isə “hər şey nəzarətdədir” mövqeyini qoruyur. Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Lavrovun iclasa qatılmadığını təsdiqləyib, amma deyib: “Belə hallar baş verə bilər”.

Sergey Lavrov 20 ildən artıqdır Rusiya diplomatiyasına rəhbərlik edir və Putinin ən uzun müddət fəaliyyət göstərən müttəfiqlərindən biridir. Bu müddət ərzində o, Kremlin sərt və konfrontasiyalı diplomatiyanın simvolu olub - 2008-ci ildə Gürcüstan müharibəsindən 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləyə qədər.

Beynəlxalq arenadakı uğursuzluqlara baxmayaraq, görünür, Putin onu hələlik komandadan tam uzaqlaşdırmağa tələsmir. Məsələn, müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi təyin olunub. Putin əslində stulların yerini dəyişir, ciddi kadr təmizləmələri aparmır.

Seçilən
39
teleqraf.com

1Mənbələr