AZ

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

“Apple” süni intellekt sahəsində mühüm addım atıb. Şirkət texnologiya nəhəngi “Google”un inkişaf etmiş süni intellekt modeli “Gemini”ni “Siri”nin yeni versiyasına inteqrasiya etmək üçün müqavilə imzalayıb. Razılaşmaya əsasən, “Apple” gələn il təqdim ediləcək “Siri”nin növbəti nəsil versiyasında “Google”un 1,2 trilyon parametrə malik “Gemini” modelinin xüsusi uyğunlaşdırılmış variantından istifadə edəcək. Yeni “Siri” “iOS 26.4” yeniləməsi ilə 2026-cı ilin yazında istifadəyə veriləcək.

Bu əməkdaşlıq çərçivəsində “Apple” hər il “Google”a təxminən 1 milyard dollar ödəyəcək. Bu məbləğ şirkətin süni intellekt sahəsinə yönəltdiyi ən yüksək lisenziya xərclərindən biri kimi qiymətləndirilir.

Yeni “Siri” “Apple Intelligence layihəsi” çərçivəsində hazırlanır. Şirkət süni intellekt imkanlarını genişləndirərkən istifadəçi məxfiliyini qoruyur. “Gemini” birbaşa “Google” serverlərində deyil, “Apple”ın “Private Cloud Compute” adlı şəxsi bulud infrastrukturunda işləyəcək. Bu da istifadəçi məlumatlarının “Apple” ekosistemindən kənara çıxmamasını təmin edəcək.

Şirkət uzun müddətdir öz süni intellekt modelini inkişaf etdirməyə çalışırdı, lakin “OpenAI” və “Google” kimi rəqiblərindən geri qalırdı. Yeni razılaşma şirkətə “Siri”ni “ChatGPT” və “Gemini” kimi sistemlərlə eyni səviyyədə rəqabət aparacaq mərhələyə gətirməyə imkan verəcək.

Analitiklər “Apple” və “Google” əməkdaşlığını “rəqabətli tərəfdaşlıq” kimi dəyərləndirirlər. “Apple” süni intellekt yarışında sürətlə irəliləmək üçün “Gemini” texnologiyasından faydalanacaq, “Google” isə öz AI sistemini milyardlarla “iPhone”a inteqrasiya etmək imkanı qazanacaq.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr