AZ

Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi - ŞƏRH

Bakı, 8 noyabr, AZƏRTAC

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” çağırışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının təqdimatı oldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” sərsəm ideyasını reallaşdırmaq cəhdi Azərbaycanın kəndlərinin, şəhərlərinin dağılması, on minlərlə günahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.

Bu sözlər Milli Məclisin deputatı V.Rəhimzadənin “Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu xalqımızın torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa edildi, azad Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalandı. Bu yolun Azərbaycana iqtisadi, siyasi, diplomatik, hərbi sahədə qazandırdığı uğurların miqyası o qədər böyükdür ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunun üçün müharibə şəraitində yaşayan Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir.

Bugünkü və gələcək zəfərlərə yol açan tarixi müraciət

Ümummilli Lider 2003-cü ildə isə xalqa tarixi müraciəti ilə bugünkü və gələcək uğurlara, Zəfərlərə yol açdı. Həmin müraciətdə Prezident İlham Əliyevə özü qədər inandığını, başa çatdıra bilmədiyi işləri, planları onun başa çatdıracağına əminlik ifadə edildi. Prezident İlham Əliyev suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanda ötən il keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyərək onu da qeyd etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Azərbaycan regionda yeni mənzərə yaratdı

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü də diqqətdən kənarda qala bilməz. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.

Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək keçmiş münaqişənin həlli üçün hüquqi bazanı möhkəmləndirdi. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan qətnamələr qəbul etdilər.

Bununla belə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmadı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə torpaqlarımızın 30 illik işğalına son qoyan Azərbaycan Silahlı Qüvvələri Ermənistanın “məğlubedilməz ordu” mifini dağıtdı.

Tarixi Zəfərimiz təsdiqlədi ki…

2023-cü ilin sentyabrında Qarabağda aparılan qısamüddətli lokal anttiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, antiterror əməliyyatı nəticəsində qazandığımız uğurlar təsdiqlədi ki, Azərbaycan Silahlı Qüvvələri güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətini pisləyərək, xalqımıza məxsus tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını bəşəri cinayət adlandıraraq mövqelərini bəyanatlarında rəsmən təsdiqləyən beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını bildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləri ərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayət adlandırırlar. Ağdam şəhəri “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılır. Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı qədim şəhərin əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, dini abidələrin bərpasında, quruculuq işlərində müsəlman ölkələrinin iştirakı İslam həmrəyliyinin nümunəsidir.

XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası

İkinci Qarabağ müharibəsi Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü də nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Prezident İlham Əliyevin ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk olundu, dillər əzbərinə çevrildi.

Böyük Qayıdışın ünvanları artır

Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirdi.

Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qürurla qeyd edir

Tarixi Zəfərimizin beş illiyini Azərbaycanın imza atdığı möhtəşəm uğurların, Zəfərlərin fonunda qeyd edirik. Bu reallıqlardan biri də Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh təklifinin reallığa çevrilməsinə az bir müddətin qalmasıdır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək yüksək səviyyədədir. Bu ilin avqustunda dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a reallaşdırdığı işgüzar səfər çərçivəsində əldə olunan Vaşinqton razılaşmaları özündə mühüm məqamları ehtiva edir.

Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qeyd edir. Bu beş il dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Uğurlarımız saysız-hesabsızdır. Onları sadalamaqla bitməz. Əsas olan budur ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib, bütövləşən Azərbaycana çevrildi.

Seçilən
72
azertag.az

1Mənbələr