AZ

“Əziz Vətən, Zəfər Günün mübarək!”

Tarix göstərir ki, Zəfər təntənəsini yaşamaq hər millətə, hər dövlətə nəsib olmur. Amma biz böyük öndər Qazi Mustafa Kamal Atatürkün Türkiyəmizə qazandırdığı Zəfər bayramı ilə qürur duyarkən bir gün bənzər günün məmləkətimizə də qədəm qoyacağından əmin idik.

Xoşbəxtlikdən düz 5 il öncə Zəfərin təntənəsini görmək Azərbaycan dövlətinə, xalqına və bütün türk dünyasına qismət oldu. İstər Türkiyənin, istərsə də Azərbaycanın Zəfər bayramı Rəbbimizin türk dünyasına böyük lütfüdür.

Məhz 44 günlük savaşda igid oğullarımız Dövlət Himnimizdə deyilən sözlərə layiq olduqlarını canları və qanları ilə sübut etdilər. Biz vətəndaşlar isə 44 günün hər anını böyük həyəcan içində keçirməli olduq. Şəhidlərimizə birlikdə ağladıq, yaralılarımıza birlikdə üzüldük, qədim Gəncənin, Bərdənin barbarcasına bombardman edilməsinə birlikdə hiddətləndik, hər kəndin, şəhərin alınmasına birlikdə sevindik.

Amma Prezident İlham Əliyevin noyabrın 8-də Bakıdakı Şəhidlər Xiyabanından “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müjdəli xəbəri 44 günün zirvə nöqtəsi oldu.

Həmin böyük gün gələnədək isə xalqımız 20 Yanvar faciəsi, Malıbəyli, Quşçular qətliamı, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya soyqırımları, Başlıbel faciəsi, soyqırımı, Birinci Qarabağ müharibəsi, Aprel, Tovuz döyüşləri və Vətən Mühairibəsi kimi ağrılı-acılı mərhələlərdən keçdi.

Buna baxmayaraq dünya birliyi çox gözəl anlayırdı ki, gündən-günə güclənən Azərbaycan dövləti və xalqı 30 illik erməni-rus işğalı ilə barışmayacaq, torpaqlarımızın erməni faşistlərinin tapdaqları altında qalmasına dözməyəcək. Macarıstanda Ramil Səfərov olayı və 22 yaşlı Mübariz İbrahimovun qəhrəmanlığı xalqımızın səbrinin daşdığını göstərirdi.

Bu proses diplomatiya sahəsində də özünü göstərirdi. Bu yaxınlarda keçmiş xarici işlər naziri Elmar Məmmədyarov müsahibələrinin birində etiraf etdi ki, hakimiyyət artıq 2009-cu ildə torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyi qənaətinə gəlmişdi.

Bu gün əminliklə demək olar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Zəfərə doğru irəliləməsi şanlı Aprel döyüşlərindən (2016), uğurlu Günnüt əməliyyatından (2018) və Tovuz döyüşlərindən (2020) keçdi.

Azərbaycanın 44 gün ərzində təkcə hərbi meydanda şücaət göstərmədi, həm də informasiya müharibəsini, diplomatiya savaşını da böyük ustalıqla yönləndirdi. Nəticədə, düşmənlərimizin insanlığa zidd bütün keyfiyyətlərə malik olduqları bütün dünyaya nümayiş etdirildi. Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər Ermənistanın imicini yerlə-yeksan etdi. Azərbaycanın dostları çoxaldı, Ermənistan bütün dünyanın təcrid etdiyi rus-fars-fransız ağaları ilə yalnız qaldı.

Beləliklə, Zəfər Günü təkcə 44 günlük savaşın deyil, xalqımızın 200 illik mübarizəsinin misilsiz nəticəsi oldu. Bakının Azadlıq meydanında, Xankəndinin mərkəzi meydanında parlaq Qələbəmizə həsr olunmuş hərbi paradların keçirilməsi dostlarımızı sevindirdi, düşmənlərimizi qəm dəryasına qərq etdi.

Bu gün də Prezident İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan baş naziri Şahbaz Şəriflə birlikdə Azadlıq meydanında hərbi paradı qəbul etməsi ölkəmizin hərbi-siyasi və iqtisadi nüfuzunun nümayişinə çevriləcək.

ABŞ kimi qüdrətli dövlətin prezidenti Donald Trampın azərbaycanlı həmkarı barədə “Onunla düşmən olmaq istəməzsiniz” fikrini səsləndirməsi təsadüfi deyil, Bu, çoxlarının, ilk növbədə Ermənistanın qulağına sırğa olmalıdır.

Əziz Vətən, Zəfər Günün mübarək!

Allah ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət eləsin!

Xatirə SADİQ

Seçilən
51
nocomment.az

1Mənbələr