Elm dünyası hörümçəklərin əsrarəngiz həyatı ilə bağlı heyrətamiz bir kəşfə şahid olub. Oktyabr ayında dərc olunan elmi məqaləyə əsasən, tədqiqatçılar indiyədək qeydə alınmış ən böyük hörümçək torunu tapıblar.
Beynəlxalq mağara tədqiqatçıları və alimlər qrupu bu “hörümçək superşəhərini” ilk dəfə 2022-ci ildə Yunanıstan–Albaniya sərhədindəki Kükürd mağarasında kəşf edib. Təxminən üç il davam edən araşdırma nəticəsində məlum olub ki, sahəsi 100 kvadratmetrdən çox olan bu nəhəng tor təxminən 110 min hörümçəyə evsahibliyi edir.
Tədqiqat göstərir ki, toru quran hörümçəklər səthdə yaşayan növlərdən genetik cəhətdən fərqlənən iki növə aiddir. Alimlər bunu “qeyri-adi hadisə” adlandıraraq, adətən tək yaşayan hörümçəklərin bu cür böyük koloniyalar halında birgə yaşamasının ilk dəfə müşahidə edildiyini vurğulayırlar.
Mütəxəssislərin fikrincə, kükürd mağarasının hörümçəklər üçün bu qədər cəlbedici olmasının əsas səbəbi mağaranın dərinliklərində çoxlu sayda midges – yəni kiçik milçəklərin – yaşamasıdır. Bu da hörümçəklər üçün bol qida mənbəyi yaradır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”