AZ

Zəngəzur döyüşü : ABŞ onu Rusiya ilə bölüşməyəcək

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Zəngəzur dəhlizi barədə danışıb. 

O bildirib ki, Ermənistandan keçən yolun uzunluğu 44 kilometrdir: 

“Rusiyanın dəmir yolu tikintisi üzrə mütəxəssisləri həmin məsafəni piyada qət ediblər. Dəmir yolu tunelləri dağıdılmadığı üçün bərpa işlərini təxminən iki ilə tamamlamaq mümkündür. Sadəcə, dəmir yolu kompleksinin yenilənməsi lazımdır”. 

Diplomat diqqətə çatdırıb ki, yolun kim tərəfindən və hansı üsulla bərpa olunması o qədər də önəmli deyil: 

“Əsas məqsəd onun tezliklə istifadəyə verilməsi olmalıdır. Bu yol təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri möhkəmləndirməyəcək, həm də regionda iqtisadi əlaqələrin inkişafına təkan verəcək”. 

Maraqlıdır, rus diplomatın fikirləri necə dəyərləndirilməlidir? 

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, bu, çox ağıllı bir yanaşmadır: 

“Çünki bütün hallarda bu dəhliz təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, daha çox Rusiyaya lazımdır. Rusiyanın Avropaya, habelə Yaxın və Orta Şərqə çıxışı yoxdur. Üstəlik, İran üzərindən dənizlə daşımalarda da çox uğursuz nəticələr əldə ediblər. İranda lazımi səviyyədə infrastruktur mövcud deyil. Ona görə Zəngəzur dəhlizinin açılması Kremlin də maraq dairəsindədir. 

Düzdür, bu, ABŞ üçün biznes layihəsidir, amma bizim üçün siyasi layihədir. Ondan sonra Azərbaycanın eksklavı tam aradan qalxacaq. Yəni Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa quru əlaqəsi yaranacağı üçün artıq bu məsələdə də öz sözümüzü demiş olacağıq. Ümumiyyətlə, Rusiyanın belə yanaşması təqdirəlayiqdir, ancaq səmimi ola bilməzlər. Onların səmimiliyinə əsla inanmıram”. 

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi baxımdan Rusiyanı məğlub edib: 

“Son zamanlar rus politoloqları və analitikləri Rusiyanın “qoca qurdu” Sergey Lavrovun xarici siyasətə İlham Əliyevə uduzduğunu deyirlər. Yəni 10 milyon əhalisi olan bir dövlətin başçısının nüfuzu beynəlxalq səviyyədə mütəmadi şəkildə artır. ABŞ Prezidenti Donald Trampın da Azərbaycan liderini siyasi cəhətdən həddindən artıq yetişkin biri kimi təqdim etməsi təsadüfi deyil.

 Həqiqətən də Prezident İlham Əliyev beynəlxalq müstəvidə Sergey Lavrovu məğlub edib. Eyni zamanda, etiraf etmək lazımdır ki, İlham Əliyev Azərbaycanı dünyanın favorit dövlətlərindən birinə çevirməklə bərabər, özü də dünyanın siyasi xəritəsinin arxitektorlarından birinə çevrilib. Yeni dünya nizamında Azərbaycanın yeri ilə bərabər, İlham Əliyevin də rolu danılmazdır. 

Dünyada belə kiçik dövlətlərin liderləri arasında İlham Əliyevin qazandığı uğurları qazanan yoxdur. Dövlətimizin başçısı dünyada qəbul olunan peşəkar siyasətçidir. Ona görə rusların fikri doğrudur”. 

Politoloq Rusiyanın Zəngəzur dəhlizindən pay alma istəyinə də toxunub:

“Rusiyanın Zəngəzur dəhlizindən hansısa pay alması mümkün deyil. Artıq Ermənistanın İranla sərhədlərini belə ruslar qorumur. Üstəlik, Azərbaycan, Ermənistan və ABŞ buna imkan verməz. ABŞ buna biznes layihəsi kimi baxır. Onlar da biznesdə ruslarla ortaqlığı sevmirlər. 

Bilirlər ki, axırda xəyanətə uğrayacaqlar. Rusiya Zəngəzur dəhlizində iştirak etməyi sadəcə arzulaya bilər. Hər arzu həyata keçməz”. 

Cümşüd Nuriyev vurğulayıb ki, Rusiyanın imici çox aşağı səviyyədədir: 

“Zəngəzur dəhlizi açılanda gömrük olmayacağı üçün yüklərə nəzarət də edilməyəcək. Belə vəziyyətdə Rusiyanın hansısa formada bu dəhlizdə iştirakı qeyri-mümkündür. ABŞ qoyduğu sərmayəni  götürməyə çalışacaq, onu Rusiya ilə bölüşməyəcək. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın siyasi imici çox aşağı səviyyədədir. Belə olan halda Kremlin gedişləri də hansısa dövlət tərəfindən qəbul edilməyəcək”. 

Elmir Mustafa

"Cebheinfo.az" 

Açar sözlər:

Zəngəzur dəhlizi Cümşüd Nuriyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr