AZ

Abdulla Qurbani: Hərbi paradda yeniliklər olacaq

Bakı, 8 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

“Hərbi parad hər dövlətin gücünü, qüdrətini və nəyə qadir olduğunu, ölkənin təhlükəsizliyinin qorunmasını nümayiş etdirən tədbir növüdür. Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parada böyük ruh yüksəkliyi ilə gedirik”.

Bunu AZƏRTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani deyib.

Son yeddi paradın aparıcısı və ssenari müəllifi olmuş A.Qurbani Azərbaycanda ilk hərbi paradın Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il sentyabrın 15-də Bakı şəhərində, müstəqilliyimizin bərpasından sonra isə ilk hərbi paradın 1992-ci il oktyabrın 9-da keçirildiyini xatırladıb. O, Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradın əvvəlkilərdən fərqli olacağını diqqətə çatdırıb: “Azərbaycanda indiyədək keçirilən paradlardan fərqli olaraq Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda yeniliklər olacaq”.

A.Qurbani bildirib ki, bu gün paradda qardaş dövlətlər də Azərbaycanın sevincinə şərik olacaqlar: “Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, əməkdaşlığı inkişaf edən xətlə irəliləyir. Bu üç qardaşın bir yerdə olması Azərbaycanın siyasətinin möhtəşəm nəticəsidir. Bizim hərbi qulluqçularımız üç qardaş timsalında hərbi təlimlərə qoşulur, bir-birimizin təcrübəsindən bəhrələnirik”.

“Paradda modernləşdirilmiş texnikalar, Azərbaycanın müdafiə sənayesinin istehsalı olan yeni silahlar, Silahlı Qüvvələrin arsenalına yeni daxil olan silah nümunələri və s. nümayiş etdiriləcək”, - deyə o əlavə edib.

Seçilən
6
47
azertag.az

10Mənbələr