Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Nurəddin İSMAYIL
Beş il əvvəl oralarda - bizim doğma Qarabağımızda kimsəmiz qalmamış, sayı milyona çatan soydaşlarımız öz yurdundan, el-obasından didərgin düşmüş, pərən-pərən olmuşdu. Cənnət Qarabağın gözəlliyindən, toylu-büsatlı qaynar həyatından əsər-əlamət qalmamış, hər yanı gülşən bu gözəl diyarımız xarabazarlığa dönmüşdür. Nə getməyə yolumuz, nə qalmağa üzümüz. Yollar üzümüzə necə də bağlanarmış, sinələr həsrətdən necə də dağlanarmış.
Azərbaycan tək bir soysuz erməni ilə deyil, arxasına aldığı və onu strateji məqsədləri naminə 200 il əvvəl Cənubi Qafqaza soxan Rusiya, otuz il ərzində onlara maddi-mənəvi dəstək olan İranla, Ermənistanın təcavüzkar planlarının gerçəkləşməsinə yardımçı olan güc dövlətləri, beynəlxalq təşkilatlarla üz-üzə qalmış və faktiki olaraq bu beynəlxalq şəbəkəyə qarşı mübarizə aparmışdı.
Beş il əvvəl Ermənistan qarışıq bütün ona dayaq olan dövlətlərin, beynəlxalq güclərin Azərbaycana siyasi diqtə etdiyi, otuz illik işğalla barışmağa zorladığı, Qarabağı Azərbaycandan qoparmaq planları qurduğu, insan haqları, etnik toplumların öz taleyini müəyyənləşdirmə prinsipinin qorunması adı altında müstəqilliyimizə, ərazi bütövlüyümüzə xain əllər uzandığı bir dövr idi.
Son beş ildə baş verənlər göz önündə. Düşmən müzəffər ordumuzun modern hərbi gücü ilə sarsıdıcı məğlubiyyətə uğramış, əsgərindən generalına qədər psixoloji manndraja salınaraq tərksilah edilmiş, dövlət olaraq siyasi gücünü itirmiş və təslimçi sülhə imza atmağa məcbur edilmişdir.
44 günlük həlledici döyüşlə və bir günlük antiterror əməliyyatla müharibəni bitirən Azərbaycan, beş il əvvəl diqtə edilən ölkə ikən, beş il sonra beynəlxalq arenaya diktə edən, onun hərbi, siyasi gücü ilə hesablaşmanı ortaya qoyan, düzgün xarici siyasəti ilə ona düşmən kəsilən ölkələri belə mat qoyan qüdrətli dövlət kimi özünü təqdim etdi.
Savaş hərbi gücün, savaşdan sonra barışı saxlamaq, əldə edilən hərbi uğurlara diplomatik, siyasi güc qatmaq, bir zamanlar haqlı görünən düşmənin nə dərəcədə haqsız, özünün nə qədər haqlı olduğunu beynəlxalq aləmə inandırmaq və ondan dəstək almağın, siyasi gücün göstəricisidir. İndi dövlətimizin yeritdiyi xarici siyasət kursu nəinki əldə edilən uğurları qorumağa, möhkəmlətməyə, həmçinin hakimiyyət böhranı yaşayan və yenidən Rusiya tərəfindən təzyiqlər məngənəsində çabalayan Ermənistanı düşdüyü bataqlıqdan çıxarmaq məqsədinə xidmət edir.
Müharibədən qalib çıxmaq əlverişli beynəlxalq şərtlərdən öncə bir xalqın milli birliyinin, həmrəyliyinin, dövlətlə vətəndaşın, ordu ilə xalqın bir-birinə sarılmasının vacibliyini tələb edir. Vətən müharibəsinin parlaq qələbə ilə başa çatması torpaqlarımızın 30 illik işğalına son qoydu, xalqımızın və millətimizin üzərində uzun illər mövcud olan məğlubiyyət kompleksini aradan qaldırdı.
Bu müharibə zamanı xalqımız bütün imkanları ilə ordumuzun yanında oldu, maddi və mənəvi dəstək verdi. Zabitlərimiz və əsgərlərimiz bu döyüşlərdə böyük təcrübə və fədakarlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu bu müharibədə ən müasir hərbi texnologiyalara əsaslanan 5-ci nəsil müharibə nümunəsini göstərərək dünyanın ən nüfuzlu ordularına nümunə ola biləcək bir müharibə təcrübəsini ortaya qoydu.
Azərbaycan bu müharibədə təkcə Ermənistana deyil, uzun illər ərzində Ermənistana hərbi, siyasi və mənəvi dəstək verən dövlətlərə və beynəlxalq təşkilatlara da qalib gəlmiş oldu. İkinci Vətən müharibəsinin ilkin qələbə rəmzi olan 8 noyabr 2020-ci il tarixi 19 sentyabr 2023-cü il tarixində düşmən üzərində tam qələbəni doğuran gündür.
Məhz 8 noyabr torpaqlarımızın böyük əksəriyyətinin düşməndən azad olunduğu, separatçı rejimin əsasən tərksilah edildiyi, təcavüzkar Ermənistanın kapitulyasiya aktına imza atdığı, ordumuzun düşmən üzərində parlaq qələbə çaldığı, Şuşada və digər azad olunmuş bölgələrdə bayrağımızın yenidən dalğalandığı gün kimi yaddaşlarda əbədi həkk olundu.
Zəfərimiz qutlu olsun.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.