AZ

Azərbaycanın zəfəri Cənubi Qafqazda sülhün yolunu açdı - Ərdoğan

Azərbaycanın qazandığı qələbə Cənubi Qafqazda geosiyasi balansı dəyişdirib və bölgədə dayanıqlı sülhün əsasını qoyub. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Bakıda keçirilən Zəfər paradında çıxış edərək bildirib.

Ərdoğan prezident İlham Əliyevin sülh istiqamətindəki səylərini yüksək qiymətləndirib və Ermənistanın baş naziri Nikol Paşinyanın “cəsarətli addımlarını” məmnuniyyətlə izlədiyini deyib.

“Bu zəfər son deyil, Cənubi Qafqazda sülhə aparan yolun mühüm mərhələsidir. Biz inanırıq ki, bölgədə sülh Asiyadan Avropaya qədər rifahı gücləndirəcək,” – Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycanla enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndiyini, xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri, TANAP və yeni istismara verilmiş Iğdır–Naxçıvan qaz kəməri kimi layihələrin tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

O bildirib ki, Türkiyə Qarabağın bərpası və yenidən qurulması prosesində Azərbaycanın yanında olacaq. 

“Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan nələrə nail ola biləcəyini bir daha gördük. Qarabağ yenidən regionun parlayan ulduzu olacaq,” – Ərdoğan deyib.

Ərdoğan həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyini və Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasındakı rolunun güclənməsini dəstəklədiyini vurğulayıb.

N.Təbrizli

Seçilən
22
1
anews.az

2Mənbələr