AZ

Günün aktual mövzusu: Ənənəvi, yoxsa Rəqəmsal reklamlara üstünlük verilir?

Günün
Reklam dünyasında iki əsas istiqamət mövcuddur: ənənəvi reklam və rəqəmsal reklam. Hər iki növün özünəməxsus üstünlükləri və məhdudiyyətləri var. Düzgün strategiya seçimi markanın məqsədlərinə, büdcəsinə və hədəf auditoriyasına uyğun şəkildə aparılmalıdır.
Ənənəvi reklam dedikdə billboardlar, panolar, scrollerlər, həmçinin outdoor və indoor monitorlar nəzərdə tutulur. Bu cür reklam vasitələri daha çox kütləvi auditoriyaya yönəlir və markanın prestijini artıraraq etibarlılıq effekti yaradır. Reklam eyni məkanda uzun müddət qaldığı üçün insanlar onu dəfələrlə görür və bu, fokus effekti adlanan psixoloji təsir formalaşdırır – yəni insan həmin markanı fərqinə varmadan yadda saxlayır və onu digər brendlərlə müqayisədə üstün hesab edir. Ənənəvi reklam həmçinin internetdən az istifadə edən və ya sosial mediaya az daxil olan auditoriyaya çatmaq üçün daha münasib vasitədir. Əvvəllər bu reklamların mənfi cəhəti auditoriyanın ölçülə bilməməsi idi, lakin müasir texnologiyalar sayəsində bu da artıq müəyyən qədər mümkündür. Rəqəmsal (digital) reklam isə fərqli olaraq dəqiq hədəfləmə imkanı yaradır. Burada yaş, cins, maraq dairəsi və digər meyarlar üzrə auditoriya seçilə bilir. Kiçik bizneslər belə aşağı büdcə ilə (məsələn, 5–10 dollar) kampaniyalara başlaya və müştəri ilə birbaşa əlaqə qura bilir. Rəqəmsal reklamda klik, baxış, satış kimi göstəriciləri real vaxt rejimində izləmək mümkündür. Bundan əlavə, influencer marketing vasitəsilə konkret auditoriyaya yönəlmiş reklam aparmaq da mümkündür. Lakin bu sahədə reklamların çoxluğu və asan əlçatanlığı səbəbindən fərqlənmək çətinləşir, bu da rəqabəti artırır. Nəticə etibarilə, ənənəvi reklam etibarlılıq və prestij baxımından üstünlük daşıyırsa, rəqəmsal reklam ölçülə bilən nəticələr və hədəf dəqiqliyi ilə seçilir. Uğurlu reklam strategiyası üçün hər iki istiqamətin inteqrasiyası ən effektiv yanaşmadır. Böyük büdcəyə malik şirkətlər adətən hər iki növ reklama sərmayə qoyurlar, kiçik bizneslər isə ilkin mərhələdə rəqəmsal reklam vasitəsilə başlayır ki, bu da tamamilə məntiqli və səmərəli addımdır.

DOOH üzrə mütəxəssis: Nihat Əlizadə

Seçilən
53
1news.az

1Mənbələr