AZ

Şərəf, qürur və inam günü

1988-ci ildə

başlanan Qarabağ hadisələri və erməni millətçilərinin “dənizdən dənizə

Ermənistan” kimi sərsəm ideyaları nəticəsində Azərbaycan torpaqlarının bir

hissəsi işğal edildi, kəndlər və şəhərlər dağıdıldı, minlərlə günahsız insan

həlak oldu, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü.

Bu işğal nəticəsində Azərbaycanın iqtisadi və mədəni irsinə ağır zərbə vuruldu,

bir milyondan çox insan 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamağa

məcbur qaldı.

İşğal dövrü

həm də beynəlxalq hüququn səmərəsizliyini nümayiş etdirdi, çünki BMT

Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan

ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələri icra olunmadı,

ATƏT-in Minsk Qrupu isə münaqişəni həll etmək əvəzinə onu dondurulmuş

vəziyyətdə saxladı.

Bu reallıq

fonunda Azərbaycan dövləti üçün əsas prioritet işğal altındakı torpaqların azad

edilməsi və bayrağımızın bütün suveren ərazilərimizdə və sərhədlərimizdə

dalğalanması oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən

etibarən yürütməyə başladığı məqsədyönlü və prinsipial siyasət dövlətin hərbi,

diplomatik və iqtisadi qüdrətinin paralel şəkildə artırılmasına yönəldi. Ordu

quruculuğu dövlət siyasətinin əsas istiqamətinə çevrildi, büdcədə hərbi

xərclərin payı ilbəil artırıldı, ordunun döyüş qabiliyyəti yüksəldildi, yeni silah

və texnikalar alındı, eyni zamanda Azərbaycanda hərbi sənaye kompleksinin

formalaşması sayəsində yerli istehsal gücləndi.

İqtisadi və

diplomatik müstəvidə də Azərbaycan öz mövqelərini gücləndirirdi. Ermənistanın

təcrid olunduğu regional layihələr fonunda Azərbaycan transmilli enerji və

nəqliyyat layihələri ilə regionun siyasi-iqtisadi xəritəsini yenidən

formalaşdırdı. Bakı–Tbilisi–Ceyhan, TANAP, Bakı–Tbilisi–Qars kimi layihələr

yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi güc rıçağına çevrildi. Beynəlxalq

təşkilatlarla çoxşaxəli əməkdaşlıq və balanslı diplomatiya Azərbaycanın

beynəlxalq nüfuzunu artırdı. Azərbaycanın müstəqil siyasəti BMT, Avropa Şurası,

Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlarda dəstək qazandı

və bu, gələcək qələbənin diplomatik zəmini oldu.

Uzun illər

ərzində aparılan məqsədyönlü siyasət, iqtisadi sabitlik və ordu quruculuğu

2020-ci ildə öz nəticəsini verdi. 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti

təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə

əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” adlanan bu əməliyyat müasir

hərbi texnologiyanın, dəqiq taktiki planlamanın və milli həmrəyliyin sintezini

nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəlilədi, hər gün

yeni qəsəbə, kənd və strateji yüksəkliklər azad edildi. Cəbrayıl, Füzuli,

Zəngilan, Qubadlı, Hadrut və nəhayət, Şuşa şəhərinin azad edilməsi Azərbaycan

tarixində dönüş nöqtəsinə çevrildi. Orduda bir nəfər də fərari qeydə alınmadı;

yaralı əsgərlər yenidən döyüşlərə qayıtmaq üçün həkimlərdən xahiş edirdilər.

Bu, xalqın yüksək mənəvi keyfiyyətlərinin və milli həmrəyliyin göstəricisi idi.

Noyabrın

9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən

imzalanan Üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiyanı qəbul etməli oldu.

Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil verilməsi Azərbaycanın

diplomatik və hərbi balansı qorumaq bacarığını göstərdi. Qələbə ilə nəticələnən

44 günlük Vətən müharibəsi XXI əsrin müasir döyüş konsepsiyalarını ortaya

qoydu. PUA-ların, kəşfiyyat və artilleriyanın koordinasiyası, informasiya

texnologiyalarının istifadəsi Azərbaycan Ordusunu dünyanın hərbi

akademiyalarında öyrənilən nümunəyə çevirdi. Qərb analitik mərkəzlərində bu

müharibə “yeni nəsil əməliyyatlar”ın simvolu kimi dəyərləndirildi.

Qələbədən

sonra Azərbaycanın qarşısında duran əsas vəzifə azad edilmiş ərazilərdə dövlət

suverenliyinin möhkəmləndirilməsi, bərpa quruculuq işlərinin aparılması və

sosial ədalətin təmin olunması idi. Prezident İlham Əliyev tərəfindən Zəfərin

əbədiləşdirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, onlarla medal təsis

olundu, 8 Noyabr Zəfər Günü kimi təsdiqləndi. Bakıda Vətən Müharibəsi Memorial

Kompleksi və Zəfər Muzeyinin inşasına başlanıldı, 2024-cü il noyabrın 8-də

Zəfər Parkının açılışı ilə bu layihə tamamlandı. Parkda 44 metrlik Zəfər tağı,

memorial abidələr və “Azadlıq Bayrağı Meydanı” dövlətin suverenliyini və

qələbənin simvolunu əks etdirir.

2020-ci ilin

dekabrında keçirilən Zəfər paradı, həmçinin Hərbi Qənimətlər Parkının

yaradılması qələbənin canlı salnaməsinə çevrildi. 5 hektarlıq ərazidə 300-dən

çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları,

artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və nəqliyyat

vasitələri sərgilənir. 2 mindən çox düşmən hərbi avtomobilinin nömrə

nişanlarından hazırlanmış “Qarabağ Azərbaycandır!” kompozisiyası, dinc əhaliyə

qarşı raket hücumlarının və digər müharibə cinayətlərinin izahı, hətta

“İsgəndər-M” raketinin qalıqları burada təqdim olunur ki, bu da gələcək

nəsillər üçün həm yaddaş, həm ibrət dərsidir.

2023-cü il

sentyabrın 19-20-də keçirilmiş bir günlük lokal xarakterli antiterror

əməliyyatı suverenliyimizn tam bərpasında həlledici mərhələ oldu. 15 oktyabr

2023-cü ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev

Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla

suverenliyin həm hüquqi, həm əməli, həm də rəmzi ölçüləri tamamlandı.

Humanizm və

ədalət prinsipləri Zəfər dövrünün sosial-siyasi xəttini də müəyyənləşdirdi.

2021-ci il 5 noyabr tarixli qərarla “Zəfər Günü münasibətilə amnistiya” elan

olundu və 17267 şəxsə şamil edildi: onların 733-ü Vətən müharibəsi iştirakçısı,

837-si qadın, 65-i yetkinlik yaşına çatmayan idi; azadlıqdan məhrumetmə

yerlərində 5971 məhkuma tətbiq olundu, azadlıqdan məhrum etmə ilə əlaqədar

olmayan cəzalara məhkum edilmiş 8559 şəxs də amnistiyadan yararlandı. Bu qərar

qalib dövlətin böyüklüyünü, reinteqrasiyaya və sosial barışa yönəlik

yanaşmasını göstərdi.

Suverenliyin

institusionallaşdırılması istiqamətində Dövlət Suverenliyi Gününün təsis

edilməsi (20 sentyabr) Zəfər Gününü tamamlayan hüquqi-siyasi qərardır: bir

tərəfdən ərazi bütövlüyünün bərpası, digər tərəfdən dövlət hakimiyyətinin tam

bərqərar olması ardıcıllığı tərtib olundu və illik təqvimdə möhkəmləndirildi.

Qələbədən

sonra başlanmış Böyük Qayıdış prosesi Azərbaycanın yeni inkişaf mərhələsini

formalaşdırdı. 2022-ci ildə qəbul olunan I Dövlət Proqramı çərçivəsində azad

edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin tikintisi və

iqtisadi fəaliyyətin reinteqrasiyası həyata keçirildi. 2025-ci ilin oktyabrına

qədər 4826 ailədən ibarət 19 mindən çox vətəndaş doğma torpaqlara qayıdıb,

Qarabağ Universiteti fəaliyyətə başlayıb, “DOST” mərkəzləri və “Smart DOST”

məntəqələri açılıb, minlərlə insanın məşğulluğu təmin olunub, yüzlərlə ailə

biznesi qurulub. Bu proses bərpa mərhələsini sosial-iqtisadi dirçəlişlə

birləşdirərək regionda dayanıqlı məskunlaşmanın təməllərini möhkəmləndirir.

8 Noyabr

Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açan hadisədir: Qətiyyətli

Ali Baş Komandan, güclü ordu, məqsədyönlü siyasət, effektiv diplomatiya və

milli birlik sayəsində qazanılan Böyük Tarixi Qələbə təkcə işğalın sonu deyil,

həm də yeni inkişaf dövrünün başlanğıcı oldu. 8 Noyabr hər bir azərbaycanlı

üçün milli qürur, milli özünüdərk və gələcəyə inam günüdür. Çünki bu tarixdə

Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz milli ləyaqətini, milli

birliyini və gələcək nəsillər üçün güclü dövlət idealını bərpa etdi. Müzəffər

Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Azərbaycanın quruculuq

missiyası başlanır - azad edilmiş torpaqlara həyat qayıdır və bu qayıdış

qalıcıdır.”

 

Vasif QAFAROV,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Seçilən
112
azerbaijan-news.az

1Mənbələr