AZ

Laçında “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər-zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

Tədbir çıxışlarla davam edib.

Tədbir rəsmi hissədən sonra Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də sakinlər, könüllülər və ekoloji təşəbbüsü dəstəkləyən gənclər iştirak ediblər.


Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Laçında “Gənclərin Zəfər Turniri” də keçirilib.

Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və Zəfər Gününün mənəvi əhəmiyyətinin gənc nəslə aşılanması olub.

Turnirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş müəllimi, əməkdar idman ustası Rəsul Məmmədovun mentorluğu ilə Laçın məktəblilərinə əlbəyaxa döyüş üzrə açıq dərslər keçirilib.

Eyni zamanda “Məhəmmədli Laçın” İdman klubunun direktoru və idman müəllimi Bəhruz Çıraqovun rəhbərliyi ilə keçirilən yarışlarda gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Turnirin sonunda qaliblər fəxri fərman və xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, tədbir axşam saatlarında konsert proqramı ilə davam edəcək. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində DJ ifası ilə müşayiət olunan atəşfəşanlıq şousu da təqdim ediləcək.

Seçilən
34
11
apa.az

10Mənbələr