ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mingəçevir, 8 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevirdə 8 Noyabr - Zəfər Günü münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Zəfər Parkında “Şəhidlər unudulmur” abidə kompleksinin qarşısına gül dəstələri düzülməklə başlayıb, qəhrəman şəhidlərimizə ehtiram ifadə edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətlərindən danışılıb.
Sonra parkda 200 ədəd şam ağacı əkilib.
Zəfər Günündə Mingəçevir Şəhidlər xiyabanı da ziyarət edilib. Şəhid məzarları üzərinə gül dəstələri düzülüb, Vətən uğrunda canlarından keçən igidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında Vətən müharibəsində əldə olunan Zəfərin 5-ci ildönümünə həsr edilən “Qələbə” adlı teatrlaşdırılmış kompozisiyaya da tamaşa ediblər. Ssenari müəllifi Cavid Təvəkkül olan səhnə əsərində 44 günlük Vətən müharibəsində xalq-ordu birliyinin gücündən, qəhrəman əsgərlərin cəsarətindən bəhs edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.