AZ

Xarici aktivlərlə bağlı sövdələşmənin pozulması fonunda “LUKoil”un səhmləri 4 faiz ucuzlaşıb

“Gunvor” neft treyderi ABŞ Maliyyə Nazirliyinin döyüşlər başa çatana qədər şirkətə lisenziya verməyəcəyini açıqlamasından sonra “LUKoil”un beynəlxalq aktivlərini almaq təklifini geri götürmək qərarına gəlib.

AZƏRTAC “RBK”ya istinadla xəbər verir ki, səhər ticarət sessiyasının əvvəlində “LUKoil” səhmləri 4,23 faiz azalıb. Qiymət enişi “Gunvor”un “LUKoil”in beynəlxalq aktivlərini almaq təklifindən imtina etdiyini elan etməsindən sonra qeydə alınıb.

Şirkət bu məlumatı ABŞ Maliyyə Nazirliyinin açıqlamasından qısa müddət sonra X sosial media platformasında yayıb. Nazirliyin açıqlamasında bildirilirdi ki, “Gunvor”un Rusiya ilə əlaqələri səbəbindən Ukraynada döyüşlər davam etdiyi müddətdə şirkətə biznes lisenziyası verilməyəcək.

Öz növbəsində, neft treyderi ABŞ Maliyyə Nazirliyinin bəyanatını təkzib edərək, sahibləri və fəaliyyəti barədə açıq və şəffaf şəkildə məlumat verdiyini, “on ildən artıq müddətdə Rusiyadan fəal şəkildə uzaqlaşdığını” və hərbi əməliyyatları açıq şəkildə pislədiyini bildirib. Bununla belə, şirkət “LUKoil”in xarici aktivlərini almaq təklifini geri götürmək qərarını qüvvədə saxlayıb.

“Tsifra Broker” şirkətinin əvvəlki açıqlamasında qeyd olunub ki, “LUKoil”un bütün xarici aktivlərinin ədalətli dəyəri 11,3–12 milyard ABŞ dolları diapazonunda qiymətləndirilir. Lakin sanksiyalar səbəbindən faktiki sövdələşmə qiymətinin daha aşağı ola biləcəyi ehtimal edilir. Brokerin hesablamalarına görə, bu aktivlərin uğurlu satışı “LUKoil” üçün beynəlxalq sanksiyalarla əlaqəli riskləri azalda, korporativ strukturu sadələşdirə və şirkətin daxili əməliyyatlara diqqətini artıraraq dividend perspektivlərinə müsbət təsir göstərə bilərdi.

“KIT Finance Broker”in ekspertləri bildiriblər ki, “Gunvor” ilə sövdələşmə “LUKoil” üçün həm likvidlik mənbəyi, həm də riskləri minimuma endirməyin bir vasitəsi idi. Lakin sövdələşmənin pozulması şirkəti daha böyük geosiyasi təzyiq altında yeni alıcılar axtarmağa məcbur edəcək. Ekspertlərin fikrincə, bu vəziyyət “LUKoil”un xarici aktivlərinin satışına və dividendlərin ödənilməsi planlarına dair qeyri-müəyyənliyi daha da gücləndirir.

Seçilən
14
5
yeniazerbaycan.com

6Mənbələr