AZ

Böyük tariximizi yaşadan Şuşa həm də gələcəyə inamla addımlayan müasir Azərbaycan şəhərinə çevrilir - RƏY

Bakı, 8 noyabr, AZƏRTAC

Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində parlaq Qələbəmizin qazanılmasında olduqca həlledici amil oldu. Azərbaycanın incisi hesab olunan Şuşa ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında Müzəffər Ali Baş Komandan “Şuşasız bizim işimiz yarımçıq qalar” deyərək Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutduğunu bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Dövlətimizin başçısının müdrikliyi, qətiyyəti, Azərbaycan Ordusunun gücü, peşəkarlığı sayəsində noyabrın 8-də Şuşa şəhəri işğalçılardan azad edildi. Şuşa əməliyyatında Azərbaycan oğullarının nümayiş etdirdikləri şücaət dünya hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir. Yüngül silahlarla silahlanmış əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək şəhərə daxil oldular, düşməni məhv edərək Qarabağın döyünən qəlbi olan Şuşadan qovdular”, - deyə deputat bildirib.

Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandanın 2020-ci il 8 noyabr tarixində Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi, xalqa müraciətində Şuşanın azad olunması xəbərini xalqımıza çatdırdı. Bu, dövlətimizin başçısının müəyyənləşdirdiyi, nəticəyə hesablanmış strategiyasının məntiqi nəticəsi idi, Şuşa qüdrətli Azərbaycanın gücü hesabına azad edildi və əsl sahibinə geri qayıtdı.

Bu gün Şuşanın tarixi simasını bərpa etdiyini söyləyən Şahin İsmayılov mədəniyyət paytaxtımızda dövlətimiz tərəfindən müasir standartlara uyğun olaraq mühüm layihələrin icra olunduğunu bildirib. Müasir standartlara cavab verən yaşayış kompleksləri inşa olunur, tarixi abidələr, muzeylər bərpa edilir.

Komitə sədri bildirib ki, Azərbaycanın mədəniyyət mərkəzi kimi tanınan Şuşa, eyni zamanda mühüm siyasi müzakirələrin aparıldığı, qərarların qəbul olunduğu məkan kimi də böyük nüfuza malikdir. Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik yüksəlməsini təmin edən Şuşa Bəyannaməsini, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü, müxtəlif ölkələrin liderlərinin mədəniyyət paytaxtımıza səfərlərini qeyd etmək lazımdır.

“Şuşa artıq beş ildir ki, azaddır. Mədəniyyətimizin beşiyi hesab olunan bu füsunkar şəhər yenidən gözəl mədəniyyət tədbirlərinə, festivallara, poeziya gecələrinə ev sahibliyi edir. Bir sözlə, özündə böyük tariximizi yaşadan Şuşa həm də gələcəyə inamla addımlayan müasir Azərbaycan şəhərinə çevrilir”, - deyə parlamentari vurğulayıb.

Seçilən
33
azertag.az

1Mənbələr