AZ

XXI əsrin qlobal reallıqları

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi təkcə elmi qurumun tarixi mərhələsini deyil, dövlətin intellektual inkişaf strategiyasının yeni dövrünü də simvolizə etdi. Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı bir bayram təbrikindən daha çox, Azərbaycan elminin gələcək fəlsəfəsini və inkişaf kursunu müəyyənləşdirən strateji konsepsiya kimi səsləndi. O, bu çıxışı ilə göstərdi ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi resurslarla deyil, bilik, texnologiya və milli dəyərlərin sintezi ilə ölçülür. Cənab Prezident Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən intellektual və texnoloji müstəqillik mərhələsindən xəbər verdi. Dövlət başçısı aydın şəkildə göstərdi ki, ölkənin gücü artıq təbii sərvətlərin həcmi ilə deyil, vətəndaşlarının elmi potensialı və yaradıcılıq qabiliyyəti ilə ölçülməlidir. Bu yanaşma, iqtisadi modelin neftdən bilik və texnologiyaya əsaslanan yeni strukturuna keçidi nəzərdə tutur.

Prezidentin çıxışında vurğulanan ideyalar süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrinin inkişafına yönəlmiş dövlət siyasətinin davamı kimi qiymətləndirilməlidir. Bu konsepsiya həm də, Azərbaycanın qlobal rəqabət mühitində texnoloji suverenliyini təmin etmək, milli resurslardan daha səmərəli istifadə etmək və insan kapitalını strateji resursa çevirmək məqsədi daşıyır. Başqa sözlə, Prezidentin mesajı yalnız elmi deyil, həm də, siyasi və iqtisadi transformasiyanın istiqamətini müəyyənləşdirir. Prezident göstərdi ki, Azərbaycan elmi qarşısında duran əsas vəzifə yalnız bilik toplamaq deyil, bu, bilikləri real iqtisadi və sosial nəticələrə çevirməkdir. Elmlə sənaye arasında körpü qurmaq, innovativ texnologiyaları istehsalat və kənd təsərrüfatına tətbiq etmək, rəqəmsallaşma prosesini elmi əsaslarla idarə etmək artıq strateji zərurətə çevrilib.

Bununla yanaşı, dövlət başçısının vurğuladığı kimi, elmin milli kimliyin qorunması və tarixi yaddaşın müdafiəsində də rolu artmaqdadır. Qərbi Azərbaycanla bağlı tarixi faktların elmi əsaslarla tədqiqi, Ermənistanın saxtalaşdırma cəhdlərinə qarşı elmi arqumentlərlə cavab verilməsi və Azərbaycan dilinin saflığının qorunması elmi mühitin prioritet istiqamətləri sırasında olmalıdır.

Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi fikirlər Azərbaycan elminin missiyasını yenidən müəyyənləşdirdi.

Elm artıq təkcə bilik sahəsi deyil, milli gücün, kimliyin və gələcəyin ideoloji dayağıdır. Prezident İlham Əliyevin “hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir” fikri, əslində, XXI əsrin geosiyasi reallığını dəqiq ifadə edən konseptual tezisdir. Beləliklə, belə bir fəlsəfə artıq müasir dövlət modelinin mərkəzinə çevrilir. Azərbaycan XXI əsrin qlobal reallıqlarına elmi güc, düşüncə dərinliyi və texnoloji yeniliklərlə daxil olur. Məhz bu, Prezident İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi çıxışın dərin mənasıdır.

Nəsib Məhəməliyev 

Milli Məclisin deputatı 

Seçilən
19
moderator.az

1Mənbələr