AZ

Media və ədəbi dil: “Bu sahədə heç bir boşluğa yol verilməməlidir”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib.

Məqsəd media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.

Maraqlıdır, bu gü Azərbaycan dilini və ədəbi dilimizi qorumaq üçün hansı addımlar atılmalıdır? Əslində, media bu sahədə mümkün olanı edir. Dilin daha da mükəmməlləşdirilməsi, inkişafı və saflığının qorunması üçün ümumilikdə cəmiyyət, elm və təhsil müstəvisində hansı işlər görülməlidir?

Bununla bağlı “Cebheinfo.az”-a danışan Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli bildirib ki, Azərbaycan ədəbi dilinin saflığını qorumaq, onun normalarını düzgün şəkildə işlətmək, səlis danışıq və yazı tərzini formalaşdırmaq, düzgün ifadə üslubunu saxlamaq və inkişaf etdirmək Azərbaycanın bütün vətəndaşının vəzifəsidir:

"Bu sahədə, təbii ki, daha çox məsuliyyət dilçi alimlərin, humanitar sahə mütəxəssislərinin, ümumən elm adamlarının üzərinə düşür. Əlbəttə, medianın da bu məsələdə rolu və məsuliyyəti böyükdür. Biz tez-tez mediada gedən dil proseslərinin, televiziya və radioda dil qaydalarının pozulmasının şahidi oluruq.

Bu  isə cəmiyyətdə müəyyən narazılıq və etiraz doğurur. Bu gün ana dilimizin saflığını və onun normalarının düzgün işlədilməsini təmin etmək alimlərin, yazıçıların, şairlərin, jurnalistlərin və ümumilikdə media nümayəndələrinin əsas vəzifələrindən biridir".

Onun sözlərinə görə, medianın ana dilinin normalarını və saflığını qorumaq sahəsində ən böyük missiyası ondan ibarətdir ki, dil düzgün və dəqiq şəkildə işlədilsin:

"Üslub, orfoqrafiya və leksik səhvlərə yol verilməsin, cümlə və sözlər yerində, dilin sintaktik və morfoloji normalarına uyğun istifadə olunsun. Məsələn, bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur. Eyni ilə danışıq zamanı vurğunun yanlış qoyulması və ya sözün yerində işlədilməməsi də dil qaydalarının pozulması deməkdir".

Əməkdar jurnalist qeyd edib ki, əvvəlcə dil qaydalarını - yazı, orfoepiya və tələffüz normalarını dərindən bilməli və onlara əməl etməliyik:

"İkincisi, mediada yayımlanacaq materiallar sayta və ya qəzetə yerləşdirilməzdən əvvəl redaktor və baş redaktor tərəfindən diqqətlə yoxlanılmalıdır. Bu sahədə heç bir boşluğa yol verilməməlidir. Bununla biz ana dilimizin saflığını qoruyar, onun inkişafına real töhfə vermiş olarıq".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr