AZ

Azər Həşimov: "Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. "Çelsi" ilə oyunda heç-heçə edən "Qarabağ"ı təbrik edirəm, onlara uğurlar arzulayıram. Oyuna gəldikdə, hər şeyi özünüz gördünüz.

- Penalti epizodunu necə şərh edərdiniz?

- Futbolçularımız əzmkar mübarizə apardılar. Penalti mübahisəli epizod idi. Açığı, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi.

- Vadim Abdullayevin əlinin açıq olduğu görünürdü. Təcrübəli futbolçu həmin epizodda əlini gizlədə bilərdi. Siz necə düşünürsünüz?

- Vadim paltardəyişmə otağında çox məyus idi. Özü deyirdi ki, əlimi gizlətmişəm. Epizoda baxmağa vaxtım olmadı. Ona görə də nəsə deyə bilmərəm. Bütün hakimlərimiz ədalətli qərar versələr, yaxşı olar.

- Üstünlüyü qorumaq üçün nə çatmadı?

- Artıq üçüncü oyundur ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar.

- Futbolçularınızın tez-tez zədələnməsi nə ilə bağlıdır?

- Bildiyiniz kimi məşq etdiyimiz Yevlax şəhər stadionunun ot örtüyü sünidir. Süni örtüklü meydançadan gəlib təbii örtükdə oynayanda istər-istəməz əzələlərdə dartınma olur. Bu, normaldır. Elə bununla əlaqədar ola bilər.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
49
1
sportal.az

10Mənbələr