AZ

Naxçıvan Hərbi Kollecində “Zəfər Günü – əbədi qürurumuz” adlı tədbir keçirilib

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər Günü – əbədi qürurumuz” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ümummilli Lider Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan televiziyasının Zəfər Gününün 5 illiyi münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollecin müəllim, zabit və kursantlarını Azərbaycan xalqının şərəf, qürur və milli iftixar rəmzinə çevrilmiş 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü dövlət başçısı İlham Əliyev kimi sərkərdənin yaratdığı güclü iqtisadiyyat və qüdrətli ordu ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu. İgid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək xalqımıza böyük Zəfəri qazandırdılar.

Fuad Nəcəfli kursantlara xitab edərək deyib ki, siz bu böyük tarixin canlı şahidləri, gələcəyin zabitlərisiniz. Zəfər yolu şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi ilə yazılıb. Bu müqəddəs mirası qorumaq, suverenliyimizi möhkəmləndirmək, Vətənə sədaqətlə xidmət etmək sizin əsas vəzifənizdir. Qoy, sizin hər addımınızda Zəfər ruhu, Vətən sevgisi və milli məsuliyyət olsun.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə nəticəsində hər bir azərbaycanlının arzusu reallığa çevrildi. Tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror döyüşlərində şücaət göstərən müharibə iştirakçılarının tədbirdə iştirak etdiyini qürurla diqqətə çatdırıb. Qeyd edib ki, hərbi kollecdə bu günün mübarizləri, sabahın qəhrəmanları yetişir. Məhz vətənpərvər və mübariz gənclərimiz sayəsində Azərbaycan Ordusu bundan sonra daha da güclənəcək.

Naxçıvan Hərbi Kollecinin kursantları adından çıxış edən Havadar Dilavərli Müzəffər Ordumuzun davamçıları olaraq qəhrəmanlarımızın getdiyi şanlı yola sadiq qalacaqlarına, təhsil və xidmət illərində göstərilən yüksək etimadı doğruldacaqlarına söz verib.

Tədbir bədii hissə ilə davam edib.

Kursantlar Hərbi Kollecin marşını səsləndirib, Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri vətənpərvərlik və qələbə ruhlu musiqi nömrələri təqdim ediblər.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr