Zəfərin şərəfinə – 444 söz
Bu torpaqlar şəhidlərimizin qanı ilə azad olub, onların ruhu bu gün də bayrağımızla birgə dalğalanır.
Hər daşın, hər qarış torpağın altında bir igidin nəfəsi, bir ananın duası var.
Qələbə — həm də bir xalqın əzabdan ucalığa doğru keçdiyi mənəvi yolun adıdır.
Biz bu Zəfəri yaşadırıq, onu canı bahasına yaşadanların xatirəsini unutmuruq.
Vətən müharibəsində qazandığımız Zəfərdən sonra hər zaman deyirdim ki, biz bu qələbənin əsl mənasını zaman keçdikcə daha dərindən anlayacağıq.
Qələbənin sevincini, qürurunu yaşayırıq — hər birimiz qəhrəman əsgər övladlarımızla, xalqımızla və Ali Baş Komandanımızla fəxr edirik. Onların sayəsində bu sevincli, qürurlu günləri yaşamaq bizə nəsib oldu.
Amma etiraf etməliyik ki, o günlərdə bu qələbənin böyüklüyünü tam dərk etmək o qədər də asan deyildi.
Sonrakı illərdə — xüsusən antiterror əməliyyatı ilə — biz bir daha böyük sevinc yaşadıq: ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu, həmin qələbənin davamı və nəticəsi idi.
Eyni ilə, 8 avqustda Vaşinqtonda baş tutan görüş zamanı Zəngəzur dəhlizinin təsdiqini tapması da bu Zəfərin nəticəsidir. Prezident İlham Əliyevin dediyi kimi, “biz daşları yerindən oynatmışıq.”
Bu Zəfər, son dövrlər dünyada baş alıb gedən ədalətsizliklərə qarşı atılmış ədalətli bir yumruq oldu.
Dünya gördü ki, ədalət də qalib gələ bilir. O ədalət ki, onun bərqərar olmaması üçün — şimalımızdan tutmuş cənubumuza, Avropadan okeanın o tayına qədər — o qədər ölkə mübarizə aparırdı ki, sanki ədaləti qorumaq belə mümkünsüz görünürdü.
Amma Azərbaycan bacardı!
Və bunu bacaran, öz imzasını dünyanın həm hərb, həm də sülh tarixinə yazan Prezident İlham Əliyev oldu.
Azərbaycanın haqq səsini boğmağa çalışan, ölkəmizə yuxarıdan baxan Makron Fransasını xatırlayırsınızmı?
Hər çıxışında Azərbaycana qarşı danışırdı. İndi də danışır, amma artıq səsi çox zəif gəlir. Çünki indi Ərdoğanla Əliyevin yanında yer almaq istəyir.
Parisdən Bakıya artıq elçilər göndərilir. Axı, hər halda işi düşən adam elçi göndərir, qəbahətini anlayan elçi göndərir.
Bakı Parisdə nəsə axtarmır, amma bu günlərdə Parisdən Bakıya elçilər təşrif buyurmuşdu.
Ağ Evin dörd illik qonağı olan Baydeni də xatırlayırıq. Onlar çox çalışdılar, çox mübarizə apardılar.
Amma bu gün Vaşinqton artıq İlham Əliyevlə hesablaşır, ona hörmətlə yanaşır və dəyər verir.
Deyir ki, “İlham, sən böyük lidersən!”
Azərbaycanda da xalqımız Prezidentin tarixi missiyasını çox gözəl anlayır.
Çünki bu 30 ildə həm xalqımız, həm də Prezident eyni çətinliklərdən keçdi.
O da bizim kimi — Şuşada, Xarıbülbül festivalında gördüyümüz kimi — kövrələ bilir.
Və ya hər bir qələbə sevincini xalqla bölüşərkən səmimi bir sevinci yaşaya bilir.
Bəzən elə sözlər deyir ki, xalqın dilində, amma ürəyin dərinliyindən gələn, düşmənin ürəyinə sancılan tikan kimi sözlərdir onlar.
Deməli, bu 30 ildə o da bizimlə eyni çətinlikləri yaşayıb, bəlkə də bizdən daha artıq hiss edib.
Amma sonda qalib gəlib.
Başı uca, qürurlu bir qalib kimi beynəlxalq salonlara daxil olur, tribunalar qarşısında dayanır və Azərbaycanın səsini dünyaya çatdırır.
O səs ki, ona Azərbaycan xalqı verib.
Zəfərin mübarək, Azərbaycan! Azərbaycan!
Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək”
İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri