AZ

Elmi jurnalların adında kobud səhvlər: peşəkarlıq, yoxsa məsuliyyətsizlik?

Manuscript, paper, article – hər üçü bir-birinə yaxın səslənsə də, elmi sahədə tamamilə fərqli mənalar ifadə edir. Təəssüf ki, bizdə bu anlayışların hamısını “məqalə” kimi tərcümə etmək vərdiş halını alıb. Halbuki bu, həm dil baxımından, həm də elmi mədəniyyət baxımından yanlış yanaşmadır.

Elm və ali təhsil üzrə ekspert, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Rahil Nəcəf bildirir ki, bu cür terminoloji qarışıqlıqlar təkcə dil məsələsi deyil, həm də peşəkarlıq göstəricisidir: “Elm dili dəqiq terminologiya üzərində qurulmalıdır. Əgər biz “manuscript”, “paper” və “article” anlayışlarını fərqləndirmiriksə, bu, elmi mədəniyyətin formalaşmadığını göstərir. Çünki bu sözlərin hər biri elmi işin fərqli mərhələsini və mahiyyətini əks etdirir.”

Məsələn, “manuscript” – hələ dərc edilməmiş, ilkin mərhələdə olan elmi işdir. Yəni müəllifin üzərində işlədiyi, jurnala təqdim olunmamış və ya rəy mərhələsində olan mətn. “Paper” – artıq elmi konfransda təqdim edilmiş və ya elmi müzakirədən keçmiş işə deyilir. “Article” isə – rəy prosesindən keçib, redaksiya tərəfindən təsdiqlənərək elmi jurnalda dərc olunan elmi işin adıdır.

Rahil Nəcəf qeyd edir ki, bu anlayışların hər birinin özünəməxsus məqamı var və onları səhv işlətmək elmi mətbuatın səviyyəsini aşağı salır: “Əgər bir universitetin elmi jurnalının adında bu terminlərdən biri düzgün işlədilməyibsə, bu artıq ciddi reputasiya problemidir. Bu cür xətalar təkcə dil səhvi deyil, həm də həmin müəssisənin beynəlxalq elmi ictimaiyyətdə necə göründüyünü müəyyənləşdirir.”

Məsələn, #AzərbaycanDillərUniversiteti kimi dil sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsinin elmi jurnalının adının tərcüməsində bu cür kobud səhvlərə yol verilməsi, Rahil Nəcəfin fikrincə, elmi və dil məsuliyyətinə ziddir: “Bir dil universitetinin elmi jurnalı öz adını yanlış tərcümə edirsə, bu, artıq ciddiyyətlə qəbul olunmur. Elm mühiti belə hallarda təkcə gülür, həm də etibarını itirir. Düzgün terminologiya elmi reputasiyanın əsas sütunudur.”

Ekspert əlavə edir ki, bu cür məsələlərdə “sayt yoxdur”, “daxili resurs çatışmır” kimi bəhanələr keçərli deyil. “Elmi jurnal nəzarətsiz sosial media səhifəsi deyil. Jurnalın adı, strukturu, formatı, ISSN nömrəsi və beynəlxalq indekslərdə təqdimatı institutun elmi səviyyəsini müəyyənləşdirir. Adı düzgün tərcümə etməmək o səviyyəni sıfıra endirir.”

Rahil Nəcəf vurğulayır ki, dünyada elmi jurnalların adı təsadüfi seçilmir. “Nature”, “Science”, “Cell” kimi jurnalların nüfuzu məhz həm məzmun, həm də peşəkar təqdimatla formalaşıb. “Biz elmi jurnalı ‘zibilxana kağızı’ kimi görməməliyik. O, ölkənin elmi imicini formalaşdıran əsas platformadır. Öz işinə hörmət eləməyən qurum, beynəlxalq elmi ictimaiyyətdən hörmət gözləyə bilməz.”

Ekspertin fikrincə, bu cür halların qarşısını almağın yeganə yolu ali təhsil müəssisələrində elmi redaktə və terminoloji nəzarət mexanizminin yaradılmasıdır. Belə mexanizm həm jurnalların keyfiyyətini artırar, həm də universitetlərin beynəlxalq imicini qoruyar.

Elm dilinin məsuliyyətlə işlədilməsi yalnız qrammatika deyil, həm də mədəniyyət göstəricisidir. Əgər biz elmi dili doğru və dəqiq qura bilmiriksə, deməli, elmə olan hörməti də itiririk.

 

Bəhman Hüseynli

 

bunu

 

Bir
Seçilən
27
tehsil.biz

1Mənbələr