Beyin bədənin ümumi enerjisinin təxminən 20 faizini istifadə edir. Buna görə də onun sağlam qalması və yaxşı işləməsi üçün düzgün qidalanmaq çox vacibdir
E-saglam.az xəbər verir ki, nevroloq İqor Matsokin bildirib ki, yaddaşı, diqqəti və düşünmə qabiliyyətini gücləndirmək üçün bəzi qidalar gündəlik menyuda mütləq olmalıdır.
O, beyin üçün ən vacib 5 qida qrupunu sadalayır:
Birincisi, parlaq rəngli tərəvəz və meyvələr – portağal, kivi, giləmeyvə, ispanaq, yerkökü. Bu məhsullar C, E və A vitaminləri, eləcə də hüceyrələri zədələnmədən qoruyan antioksidantlarla zəngindir.
İkincisi, yağlı balıqlar – somon, skumbriya, siyənək. Onlarda olan omeqa-3 yağ turşuları beyin hüceyrələrinin qorunmasına, sinir əlaqələrinin güclənməsinə kömək edir.
Üçüncüsü, bütün taxıllar və paxlalılar – yulaf, qarabaşaq, bulqur, quinoa. Bu məhsullar beyni gün boyu sabit enerji ilə təmin edir və qan şəkərinin dalğalanmasının qarşısını alır.
Dördüncüsü, yarpaqlı göyərti, yumurta, qaraciyər və qoz-fındıq. Bunlarda B qrupu vitaminləri çoxdur və bu vitaminlər sinir hüceyrələrinin sağlamlığını qorumaq üçün vacibdir.
Beşincisi, adi su. Həkimin sözlərinə görə, azacıq susuz qalmaq belə, yaddaşı və diqqəti dərhal zəiflədir.
Nevroloq əlavə edir ki, bu məhsulları müntəzəm qəbul etmək həm yaddaşı, həm də ümumi beyin fəaliyyətini uzun müddət güclü saxlamağa kömək edir.
Tərcümə: Könül Oruc
E-saglam.az