AZ

Vaqif Qurbanov - Azərbaycanın ilk qırılmış qanadları

Hər bir xalqın taleyində bir an olur — sanki Allahın qulağa pıçıldadığı bir çağırış: “Kimdir bu səssizliyi yarmağa cəsarət edən?”. Azərbaycan üçün o çağırışın cavabı 1989-cu ilin sükunətindən, Voronej göylərindən gəlirdi. O çağırışın adı Vaqif Qurbanov idi.Rusiyanın Voronej vilayətinin boz səmasından çıxan gənc zabit Borisoqlebsk Ali Aviasiya Məktəbinin bitirmə mərasimində zabit paqonlarını alanda sanki başqa bir ulduzların altında doğulmuşdu. Çiynindəki yeni təltif edilmiş ulduzların parıltısı isə onun üçün Vətənin qaranlığına aparan yolu işıqlandırırdı. Bu Vətən bütün dünya üçün hələ kağız üzərində müstəqil idisə, Vaqifin qəlbində o artıq döyünən hərbi marşın sədaları idi.Bu hərbi marşla yollar onu Xızı dağlarının başındakı Sitalçay aerodromuna gətirdi. O vaxt hələ də Sovet ordusuna aid olan, sanki yad nəfəsin altında boğulan bu məkan, hər səhər soyuq küləyi ilə metal qanadların arasından keçib səssizcə: “Bu göylər sənindir, Vaqif...” pıçıldayan bir yer idi.Qırıcı qaçırılan gün1992-ci ilin aprel ayı idi — Azərbaycanın ilk müstəqillik nəfəsi artıq təravətli deyildi – ondan barıt qoxusu gəlirdi. O səhər Sitalçayda nəm asfaltda bir təyyarə – Su-25 mühərrik kimi deyil, qəlb kimi qızışırdı. Vaqif, dostları Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Binyətov və digərləri ilə təyyarəni Azərbaycan tərəfinə qaçırmaq məqsədi ilə sanki tarixin mühərrikini işə salırdılar. Bir anlıq hər şey dayandı. Sonra misralar kimi göyü yaran bir zolaq: “Zağca” göydədir...Bu bir qrup mərd ürəklərin hazırladığı bu uçuşla bir ordunun deyil, bir millətin hava qüvvəsini yaratdılar. Vaqif Su-25-ni əvvəl Yevlaxda, sonra Şəkidə məskunlaşdırdı - sanki göylə yeri qovuşdurmaq istəyirdi, ulu dağların doğma qucağına cılğın və şıltaq zağcanı endirmişdi.Orada, Şəki aerodromunda mən onu ilk dəfə gördüm və biz tanış olduq. Vaqif məndən bir yaş böyük idi. Ortaboylu, lakin uzun ayaqları və möhkəm bədəni ilə bir növ yelə qarşı dayanmış insan təsiri bağışlayırdı. Pilot forması bədəninə ikinci dəri kimi yapışmışdı – kiteli çənəsinə qədər düymələnmiş, ayaqqabıları cilalanmış, amma şalvarında uzun xidmət illərinin parlaq izləri vardı. Qara saçlarının iki tərəfi köhnəlmiş "pilotka"sına yapışaraq küləyə sanki meydan oxuyurdu. Onun üzündə yorğunluq vardı, amma ümumi duruşunda özünəinam və təsvirolunmaz mərdlik var idi.Vətən uğrunda ilk uçuş

Mayın 8-i idi. Şəki dağlarında xarıbülbüllər gülə-gülə əylənəndə, Şuşada onlar qan ağlayırdı. Erməni işğalçılarının tapdağı altında əzilərək şikəst qalan bu çiçəklər hələ onilliklərlə başını qaldıra bilməyəcək. Böyük bir xalqın gözünün qarşısında torpaqlar əldən gedərək ayaq altında qalırdı… 

Vaqif də bu mənzərəni görürdü, hərbi təyyarəsinin füzelajından... Onun gözündə hər yer xırda görünsə də, o faciənin böyüklüyünü göydə tuturdu. İlk dəfə düşməni biçməyə onda qalxdı, Şuşanı xilas etmək üçün. Onun bu romantik duyğuları, Vətəni bir təyyarə ilə xilas etmək istəyi ilk dəfə elə Şuşa səmasında Su-25-in əzəmətli mühərrikinin, dəqiqədə 13 min dövriyyə edən lopalarına dəyəndə puç oldu. Təyyarənin lazımı naviqasiya imkanları və Şuşanın hərbi uçuş xəritəsi olmadan Qurbanov çox aşağı məsafədən uçurdu ki, erməni qüvvələrini seçə bilsin. Eyni zamanda Azərbaycan quru qoşunlarına birbaşa dəstək vermək və düşmən hədəflərini görmə xəttində məhv etmək üçün göydən alov yağdıran zirehli və səs sürətindən daha tez hərəkət edən bu əjdaha erməniləri görünməz vahiməyə salmışdı. O günlər Vaqif düşmən üzərinə od kimi yağdı – 50 erməni döyüşçüsü məhv edildi, yüzdən çoxu sıradan çıxdı. Amma alovun istisi yalnız düşməni deyil, onun özünü də yandırırdı. 

Şuşa və onun vacib yüksəklikləri artıq düşmən nəzarətində olduğundan Su-25-in səsini eşitməyən, amma yerə yaxın səviyyədə uçduğundan 16 metr uzunluğu və 15 metr eninda olan təyyarəni gözlə görən düşmən üçün o çox asan nişana çevrilərək vurulmuşdu. Zərbə nəticəsində təyyarənin mühərriki ciddi zədə almasına baxmayaraq Vaqif silahdaşını döyüş meydanında buraxmır və öz həyatını riskə ataraq yaralı “Zağca”nı Şəki dağlarının qoynundakı doğma yuvasına çatdırır. O, Şuşanı xilas etmək üçün qalxmışdı – bir təyyarə ilə bir şəhəri, bir xalqı xilas etmək. Bəlkə də bu düşüncə sadəlövh görünürdü, amma qəhrəmanlıq çox vaxt məhz belə sadə niyyətlərlə başlayır.Dostluq və qayıdışÇox yaxşı xatırlayıram ki, bu məsələ ilə əlaqədar onda hamımız Gəncə zonasında ciddi söz sahibi olan Surət Hüseynova müraciət etdik. İş fəaliyyətinə Şəkidə başlayan Surət Yevlax yun emalı fabrikinin direktoru olmuşdu və 1992-ci ilin əvvəllərində Gəncədə könüllü batalyon yaratmış və Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstək verirdi. Allah rəhmət eləsin Surətə, müraciətimizi yerə salmadı və Vaqifin təyyarəsi üçün yeni mühərrik aldı və Gürcüstanın Vaziani hərbi zavodundan mühəndisləri gətirdib motoru quraşdıtdırdı və yerindəcə sazladı. Bu hadisə Surət Hüseynovla Vaqifi yaxın dost etdi.Bu dostluq çox keçmədən bir ordunun taleyini dəyişdi.“İyun 92” əməliyyatları1992-ci ilin qızmar 12 iyun səhəri idi. Göy sahibi olaraq quşlar incə cəhcəhlə müsəlmanları narahat etmədən, Allahın əmri, sübh namazına qaldırırdılar. Lakin bu gün Allahın “Döyüş Alnınıza Yazılıb” əmri  də müsəlmanlar üçün agah olmuşdu. Azan çəkildi və… torpaq birdən-birə titrədi – bu dəfə qorxudan yox, intiqamdan. O gün erməni işğalçılarının səhər sükutunu zirehli lopalı mühərrik durbini pozdu və yer məhz bu dayanmadan artan dəhşətli gurultudan titrəməyə başladı, lakin onlar bunu eşitmədi, ona görə ki Su-25-in səsi eşidildisə, demək o artıq hərbi tapşırığı yerinə yetirib.Döyüşlərin ilk anından şimşək sürəti ilə düşmənin istehkamları və ağır texnikasını darmadağın edən sayca bir ədəd Azərbaycan hərbi təyyarəsi milli ordumuzun piyadaları və zirehli texnikasına maneəsiz hərəkət etməyə imkan yaratmışdı. Onun hər hücumu torpağa nəfəs, orduya ümid gətirirdi. Nəticədə, əməliyyatların şimal-qərb istiqamətində işğal olunmuş ərazilərin yarısı - Şaumyan rayonu (indiki Goranboy), Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi Vaqifin qanadının kölgəsində işğaldan azad yaşamağa başlamışdı.Axırıncı uçuş13 iyun. Əsgəran səmasında ay hələ doğmamışdı. Torpaqların azad edilməsi uğrunda Azərbaycan Ordusunun “iyun 92” genişmiqyaslı əməliyyatı cənub-şərq, Əsgəran-Xocalı istiqamətində də başlamışdı. Mən də qardaşım Çinqizlə artıq burada idik. Xatırlayıram, gecə qərargahda polkovnik Elxan Orucov bütün ətrafdan zəncirli aqrotexnika, 30-a yaxın traktorları yığıb cəmi 3 tank və 4 BMP ilə birlikdə sübh açılmadan Naxçıvanik istiqamətində hücuma yolladı. Erməni ordusu bu yer əsməsi və gürültunu hiss edərək zənn etdi ki, üstlərinə tank diviziyası hücum edir və dərhal pozisiyalarını atıb qaçdılar. Lakin bir neçə betonlanmış istehkamlar qaldı və hava açılanda onlar traktorları görüb dərhal Əsgərandan dəstək istədilər. Güclər eyni deyildi – ermənilər yüksəklikdə və yaxşı silahlanmış müdafiə mövqelərində, Azərbaycan tərəfi isə aşağıda, dağətəyi olan ovuc içində, kənd təsərrufatı texnikası və azlıq təşkil edən zirehli hərbi sürsatla…Ən faciəvi anda səmada Vaqifin “Zağca”sı peyda olur və ermənilərin beton istehkamlarla Əsgərandan döyüşə qatılan erməni piyadalarını alova düçar edərək kül edir. Bombalardan bəzisi səhvən öz mövqelərimizə düşəndə Vaqif vicdan yükünü daşıyaraq ikinci dairəyə keçdi – ilk dəfə vurulandan sonra qadağan olan aşağı səviyyədə, “qırxma” üsulu ilə, daha alçaqdan, daha riskli, daha dəqiq. O, dost və düşmən arasındakı xətti yalnız qəlbi ilə hiss edirdi, bortda quraşdırılmış avadanlıqla yox. Lakin bu dairə sonuncu, daha doğrusu, sonsuzluq dairəsi idi. Kətuk yüksəkliyində yerləşən “Şilka” zenit qurğusu ədalət Valkiriyasını gördü və olan güllələrini göyə saçdı. Təyyarə alovlandı.

Mən bu mənzərəni öz gözlərimlə görürdüm. Yanan təyyarədən göydə partlayışlar nəticəsində bir neçə hissə ayrılırdı və onlar da bir müddətdən sonra göydə yoxa çıxmışdı. Bəziləri deyir, o, paraşüt idi, Vaqifin paraşutu. Bəziləri deyir, ermənilər onu havadaca atəşə tutub öldürdülər. Lakin Azərbaycan tərəfi Vaqifin bədənini düşmən əlindən almaq üçün böyük itki verərək hücuma keçsə də, Qəhrəmanın cəsədi tapılmır… 

Amma mən Vaqifin Vətən uğrunda yanmasının şahidiyəm və mən dəqiq bilirəm ki, o düşmədi, o qalxdı! Çünki qəhrəmanlar yerə düşmürlər – onlar yalnız Şəhidlik zirvəsinə qalxıb orada itirlər.Son döngə

Torpaq nəfəsini tutmuşdu, göy səssiz idi.Bütün Azərbaycan isə bir təyyarənin, bir intiqamın, bir xalqın dirçəlişini gözləyirdi.Bəziləri deyir, o təyyarədə yandı. Bəziləri deyir, ermənilər onu əsir aldılar. Bəlkə də bu illər boyu Dövlət ona Milli Qəhrəman adı verməkdən məhz buna görə çəkinirdi… Buz 2022-ci ildə əriməyə başladı… Həmin il Dəqiq Mexanizmlər istehsal edən “VMF Natural Frequencies” Saat Fabriki Azərbaycanın ilk təyyarəçisi olan Fərrux ağa Qayıbovun 130 illiyinə həsr olunmuş və məhdud sayda (130 ədəd) istehsal etmiş "Aviator" saatlarını buraxmışdı. Təntənəli məclisdə bu saatlar Vətən uğrunda mərdlik və cəsarət göstərən pilotlarımız, o cümlədən Fərrux ağa Qayıbovun ailə üzvü olmaqla, ilk təyyarəçı qadın pilotumuz Leyla Məmmədbəyova və ilk hərbi qadın pilotumuz Züleyxa Seyidməmmədova, Qarabağ müharibəsində səmada şücaət göstərən Milli qəhrəmanlar Ərəstun Mahmudov, Səfa Axundov, Viktor Seryogin, Yavər Əliyev və diqərlərinə hədiyyə edilmişdir. Sözsüz ki bu siyahının önündə adı ilk hərbi pilotlarımız sırasında çəkilən Vaqif Qurbanov da olmuşdur. 

Bu gün 8 noyabr - Zəfər Günüdür! Nə yaxşı ki, bu ərəfədə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Vaqifi Qurbanovu Milli Qəhrəman adı ilə təltif etdi. Nə yaxşı ki, Vətənimiz azaddır və bu gün ordu sıralarımızda Vaqifin yüzlərlə davamçısı var. Vaqif Qurbanov - Azərbaycanın ilk qırıcısı, Azərbaycan səmasının yetim qalan qəhrəmanı 1992-ci ilin 13 iyununda uçuşu bitirmədi - çünki həmin gün o torpağa deyil, öz xalqının əbədi yaddaşına düşdü...

Seçilən
29
anspress.com

1Mənbələr