AZ

Ağdamda Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib - FOTOLAR

Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını, “Şəhidlər” Abidə Kompleksini və Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərin və Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam Musiqi Kollecinin dəstəyi, idmançıların iştirakı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Zəfərin 5-ci ilinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, Müzəffər ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs etmişlər. Daha sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri, Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif növ şeirlər, "Turaci" rəqs qrupunun rəqs nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm atəşfəşanlıq təşkil edilib.

Seçilən
15
unikal.az

1Mənbələr