Ölkə futbolunda hər kəs səbrsizliklə “Qarabağ” – “Neftçi” qarşılaşmasını gözləyir.
Meydanın bir tərəfində Çempionlar Liqasındakı çıxışı ilə azərbaycanlı azarkeşləri sevindirən “Qarabağ”, digər tərəfində ölkə kuboku matçı da daxil olmaqla son 3 oyunda qələbə qazanan “Neftçi” dayanacaq.
Meydanda yaşanacaqlar öz yerində, Azərbaycan derbisinə rəng qatacaq məqam tribunalardakı azarkeşlər olacaq. Artıq indidən “Azersun Arena”nın dolacağını təxmin etmək olar.
Bu mənada “Neftçi” tərəfindəki fəallıq diqqətt çəkir.
Matç saatında tribunadakı yerini tutmaq istəyən “Forza Neftçi”, “Neftçimaniya” və sıravi azarkeşlərin sayı 1500 nəfərə yaxındır.
Lakin heç də hamısı istəyinə çata bilməyəcək. Buna səbəb meydan sahibi “Qarabağ”ın qonaq azarkeşlərə cəmi 900 bilet ayırmasıdır.
Bu, o deməkdir ki, qapıarxası tribunaya ən yaxşı halda 900 nəfər buraxılacaq. Yerdə qalanlar isə qarşılaşmanı televiziya qarşısında izləmək məcburiyyətində qalacaq.
“Forza Neftçi”nin rəhbərləri stadiondakı görüntülərin oyuna əlavə rəng qatması üçün daha fəal azarkeşlərin arenada yer almasını məqsədəuyğun sayıb. Yəni say doldurmaq üçün yox, 90 dəqiqə “ağ-qaralar”a dəstək vermək həvəsində olanlar tribunada yer alacaq.
“Neftçi”nin son oyunlarda qələbələri sıralaması, ağdamlıların “Çelsi” ilə heç-heçə etməsi (2:2), görüşün bazar gününə və axşam saatına təsadüf etməsi “Qarabağ” – “Neftçi” duelini yaddaqalan edəcək.
“Azersun Arena”da keçiriləcək qarşılaşma saat 18:44-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ