İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti qurmaq istəyən 3500-dən çox yerli sahibkar “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nə (KOBİA) müraciət edib. Ümumilikdə agentliyə bu istiqamətdə 4 mindən artıq müraciət daxil olub.
NOCOMMENT.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində bölgədə sahibkarlığın inkişafı üçün informasiya, məsləhət və biznes planlaşdırma dəstəyi davam etdiriləcək. Ehtiyacı olan şəxslər ödənişsiz biznes təlimlərinə cəlb olunacaqlar.
Qurum həmçinin gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlığa təşviqi məqsədilə maarifləndirici görüşlər keçirəcək, onların təkliflərini aidiyyəti qurumlara təqdim edəcək.
2023-cü ildən icra olunan “Qarabağ KOB-ları” layihəsi çərçivəsində indiyədək Bakı, Gəncə, Bərdə, Şuşa və digər şəhər və rayonlardan 220 nəfər iştirak edib. Layihə şəhid ailələri, müharibə iştirakçıları və onların yaxınlarının sosial rifahının artırılmasına yönəlib.
Biznesə dəstək “KOB dostu” ofisləri vasitəsilə Zəngilanın Ağalı kəndində, Laçın və Kəlbəcərdə, həmçinin Şuşa şəhərində yerləşən “KOB evi”ndə göstərilir.